Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2023-cü il tarixli Qərarı ilə 2024-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.
2024-cü il üçün iş vaxtı normasına əsasən, 20 Yanvar - Ümumxalq Hüzn Günü olduğu üçün qeyri-iş günü hesab edilir. Ancaq 20 yanvar şənbə gününə təsadüf edir.
Bəs maraqlıdır, 20 yanvar şənbə gününə təsadüf etdiyi üçün 22 yanvar qeyri-iş günü hesab olunacaq?
Panarama.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı mövzu ilə bağlı Bizim.media-ya açıqlama verib.
O qeyd edib ki, qanunvericiliyə əsasən, 20 Yanvar - Ümumxalq Hüzn Günüdür və həmin tarix iş günü hesab edilmir:
"Həmçinin sözügedən tarix hüzn günü olduğuna görə bayramlardan fərqli olaraq, qeyri-iş gününə düşdüyü halda belə əvəz edilmir”.