65b01074b8532202401241604
6 nömrəli məktəbdə cinsi İSTİSMAR, Gəncədə şagird ÖLDÜRÜLÜR - Məktəblərdə nə BAŞ VERİR?

Son vaxtlar Azərbaycanda orta məktəblər çox tez-tez neqativ mövzularla, rüşvət, korrupsiya halları, müəllim-şagird münasibətlərində yaranan biabırçı vəziyyətlə gündəmə gəlir. Ötən gün sosial şəbəkələrdə Bakı şəhəri 6 nömrəli məktəb-liseydə 2-ci sinif şagirdinin həmin məktəbin 7-ci sinif şagirdləri tərəfindən dəfələrlə cinsi-seksual hərəkətlərə məruz qaldığına dair məlumatlar yayıldı.


Bunun üstündən çox keçmədən məhz bu gün də XI sinif şagirdi Gəncədə bıçaqlanaraq öldürülüb. Yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanaraq öldürülüb. Fakta görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.Bu isə cəmiyyətin ciddi narazılığına, narahatlığına səbəb olur və ciddi suallara yol açır.


Maraqlıdır Azərbaycan məktəblərində bu kimi hadisələrin baş verməsinə səbəb nə olur?


Məsələ ilə bağlı danışan təhsil eksperti Kamran Əsədov Referans.az-a bildirib  ki, məktəblərdə xoşagəlməz halların qarşısının alınması üçün Post Patrul Xidmətinin əməkdaşlarının məktəbə yaxın ərazilərdə reydlər aparması məqsədəuyğun olardı:


“Hazırda ölkənin 4432 orta ümumtəhsil müəsissəsində 1, 6 milyon şagird təhsil alır və hər gün həmin şagirdlərin təlim-tərbiyəsi ilə 150 mindən çox müəllim məşğul olur. Bu o deməkdir ki, hər gün təkcə ümumi orta təhsil müəsissələrində 2 milyona yaxın insan birbaşa tədris prossesinin iştirakçısına çevrilir. Mütamadi olaraq burada xoşagəlməz hallar baş verir. Bu gün də Gəncədə 11-ci sinif şagirdi öldürüldü, bu çox böyük bir itkidir. Çox təəssüf ki, bu gün Azərbaycan məktəblisi vətən uğrunda gedən döyüşlərdə qəhrəman olan hansısa şəxsi yox, cinayət və oğru aləminin məşhur simalarını özlərinə örnək götürürlər”.


Ekspert qeyd edib ki, bu gün hansısa bir aşağı sinif şagirdinin üzərindən belə kəsici, deşici alətlər görə bilərik. Onun sözlərinə görə, şagirdlər sosial şəbəkələrdə, internet resurslarında oğru aləminin məşhur simalarını özlərinə ideallaşdırırlar: “ Məktəblərdə qəhrəman obrazları yoxdur. Bizim dərsliklərimiz şagirdlərdə nümunəvi vətəndaş olmağ hissi yarada bilmir. Məktəb yaşlı şagird nəyə görə özünü müdafiə etməkdən ötrü üzərində kəsici deşici alət gəzdirməlidir? Ümumiyyətlə, etiraf edək ki, Gəncə bölgəsi müəyyən qədər kriminal ərazidir və kriminaloji vəziyyət orada gərgindir. Amma biz bu gün orta ümumtəhsil məktəbələrində təhsil alan şagirdlərdə vətəndaş obrazı yetişdirmək istiqamətində ciddi problem yaşayırıq”.


Məktəblər hazırda daha çox formal xarakter daşıyır. Məktəblərdə tədrisin keyfiyyəti ilə bağlı, təlim-tədrislə bağlı problemlər var. Ona görə ki, şagirdlər ali məktəblərə qəbul olmaq üçün repititor yanına gedirlər. Yəni məktəb öz funksiyanını yerinə yetirməklə bağlı ciddi problem yaşayır. Bu gün Azərbaycan məktəblisi dövlətin ona yaratdığı yaxşı şəraiti istifadə edə bilmir. Məktəblilərin təlim-tərbiyəsilə bağlı qüsurlar var. Bu gün hər hansısa məktəblinin üzərində kəsici-deşici alət varsa, deməli bizim məktəblilər nədənsə narahatdırlar və ya obraz olaraq nümunə götürdükləri şəxslər məktəbdə olam şəxslər deyil, məktəbdən kənar şəxslərdir – deyə Kamran Əsədov əlavə edib.


Kamran Əsədov bunu da əlavə edib ki, bu gün Gəncədə baş verən hadisə, yəni məktəblinin bıçaqlanması ilk belə hal deyil. O, vurğulayıb ki, bu kimi hadisələrin qarşısını almaq üçün məktəb psixoloqlarının fəaliyyətini çoxaltmalı və məktəblərə nəzarət mexanizmini gücləndirmək lazımdır.


Deputat Ceyhun Məmmədov isə hesab edir ki, bu gün baş verən hadisə məktəblərdə təlim-tərbiyə məsələlərinə yenidən baxılmalı olduğunu bir daha sübut etdi:


“Bu prosesdə hansısa boşluq var və o, aradan qaldırılmalıdır ki, belə hadisələr tez-tez baş verməsin. Bəzən ailə öz rolunu düzgün icra edə bilmir, bəzən məktəblər öz rollarını doğru-düzgün yerinə yetirə bilmir. Bu gün gəncliyin kriminal aləmə, meyxanaya meyl göstərməsi çox ciddi problemlərdən xəbər verir. Dəfələrlə bildirmişəm ki, bu istiqamətdə addımlar atılmalıdır. Həm məktəblərdəki, həm də ailədəki təlim-tərbiyə işlərinə daha həssas, daha diqqətlə yanaşmalıyıq ki, belə hadisələr çox baş verməsin”.


Bu gün Gəncədə baş verən hadisə birinci deyil, amma sonuncu olmalıdır. Bunun üçün də bütün strukturlar cddi şəkildə çalışıb səy göstərməlidir – deyə Ceyhun Məmmədov əlavə edib.

 

23.01.2024 23:14
351

(MGID): :
OXŞAR XƏBƏRLƏR