Sumqayıt Ağır Cinayətlər Məhkəməsində idman zalında 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idmançı Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Panarama.az News24.az-a istinadən bildirir ki, prosesdə iş üzrə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi üzrə məhkəmənin baxış iclası sentyabrın 7-nə təyin edilib.
İttihama görə, hadisə Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib.
2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alıb. Belə ki, M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başı bədəninin altında qalması səbəbindən boyunu qırılıb. Azyaşlı dərhal Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.
Hadisəni törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Mehman Xəlilov saxlanılıb.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, Mehman Xəlilov 2019-cu ildə Minskdə keçiriln İkinci Avropa Oyunlarında sambo idman növü üzrə bürünc medal qazanıb. O, həmçinin digər yerli və beynəlxalq yarşlarda da yüksək nəticələr göstərib.