“Mən Azərbaycanda yaşayanda, şou-biznesin mərkəzində olduğum üçün çox da fərqinə varmırdım. Düşünürdüm ki, elə belə də olmalıdır. Moskvada yaşayandan Azərbaycan şou-biznesi çox aydın görünür. Primitiv, bəsit mövzuların üstündə söz-söhbət baş alıb gedir. Bu da o deməkdir ki, şou-biznesdə özbaşınalıqdır. Rəhmətlik İlhamə xanım Quliyevanın vaxtında hardasa böyük-kiçik məsələsi var idi. Haqlı-haqsız bilinirdi. İlhamə xanım həddini bilməyənləri yerində oturdurdu”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Afət Fərmanqızı deyib:
“İlhamə xanım rəhmətə gedəndən sonra vaxtilə danışa bilməyənlər çıxıb danışdılar. Buna da kimlər şərait yaratdı? Vaxtilə İlhamə xanımın yanında yaltaqlanan, ona hər gün kompliment deyən bəzi aparıcılar. Onlar bəzi adamları verilişlərində çıxarıb reytinq naminə danışdırdılar. Amma bu kənardan çox pis görünür. Onlar həmin aparıcıların verilişində bəzən İlhamə xanımın ünvanına da xoşagəlməz sözlər dedilər. Xalq hamısını çox yaxşı tanıyır. Onların rəylərdə cavabını da verirlər. Ay aparıcı, ay müğənni hünərin çatırdısa İlhamə xanının sağlığında deyərdin bu sözləri. Ölünün arxasınca danışmazlar. Kimin hünəri çatırdısa onun sağlığında danışardı. Danışa bilmirdilərsə indi mumlayıb, sussunlar”.
O daha sonra toy sahəsindən danışıb.
“Toy özü böyük bir məktəbdir. Hər adamın hünəri çatmır ki, altı saat hər gün yeni-yeni mahnılarla, repertuarını təzələyə-təzələyə insanların ruhunu oxşasın. Bu da hər müğənniyə nəsib olmur. Özümü toy sahəsində ən uğurlu üç-beş müğənnidən biri hesab edirəm. Kifayət qədər normal qonorara el şənliklərinə dəvət alıramsa, bu özü bir uğurdur. İnsanlara zorla deyə bilməzsən ki, sən Allah məni özünlə toya apar. Bir-iki toya səni xətir-hörmətə dəvət edərlər, bəs ondan sonra?! Bu illərlə, aylarla davam edirsə demək ki, uğur ortadadır”, - deyə müğənni qeyd edib.
Sənətçi bildirib ki, toy məclislərində muğama bir o qədər də yer yerilmir. Amma istisnalar var.
“Mən toy sahəsini həm şou-biznesə aid edirəm, həm də çox ciddi bir sahəyə. Toy dedikdə gözümüzün qabağına şənlənmək, oynamaq gəlir. Bizim ixtiyarımız yoxdur ki, illərlə gözlədikləri gün gedib onları ağladıb, kədərləndirək. Onlara sevinc bəxş etməyə gedirik. İnsanların illərlə arzuladıqları gün üçün dəvət etdikləri müğənni də demək ki, ciddi bir müğənnidir. Toy ab-havasında muğama çox da tələbat yoxdur. Bunu hamı təsdiq edə bilər. O səbəbdəndir ki, xanəndələr toya dəvət almır. Amma Bakı, Qarabağ bölgəsində müəyyən qədər muğamlara yer verildiyinin şahidi olmuşam. Amma demək olar ki, son vaxtlar o da azalmağa doğru gedir. Muğam oxuyanlardan hansılar öz repertuarlarını toy sahəsinə uyğunlaşdırıblarsa, həmin xanəndələrdə toy sahəsində aktivlik hiss olunur. Gənc xanəndələr var ki, repertuarlarını artıq toy sahəsinə uyğunlaşdırıblar. Bu da onların bu gün gündəmdə olmaqlarına köməkdir”, - deyə müğənni vurğulayıb.