"Eritreyada saxlanılan hər gəmidə 6 azərbaycanlı dənizçi olmaqla 18 heyət üzvü olub".
Panarama.az bildirir ki, bu barədə Oxu.Az-a Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova bildirib.
Onun sözlərinə görə, eyni zamanda, Agentlik tərəfindən gəmilərin məxsus olduğu "Caspian Marine Services B.V." şirkətinin Azərbaycandakı filialı ilə mütəmadi danışıqlar aparılır.
"Şirkətdən bildirilir ki, gəmilərlə hər gün əlaqə saxlanılır, gəmilər vaxtı-vaxtında ərzaqla və digər tələbatlarla təmin edilir, heyətin ailələri ilə rabitə əlaqəsi üçün müvafiq köməkliklər göstərilir", - Agentlik rəsmisi vurğulayıb.
Agentlik rəsmisi onu da qeyd edib ki, şirkətdən verilən məlumata əsasən, sözügedən gəmilər Eritreya dövlətinin ərazi sularına hava şəraitinin kəskin dəyişməsi səbəbindən daxil olub.
12:38
"7 noyabr 2024-cü il tarixində "Caspian Marine Services B.V." şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən "CMS Pəhləvan", "CMS İgid" və "CMS-3" gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreya Dövlətinin ərazi sularına məcburi giriş edib".
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.
Onun sözlərinə görə, keçid zamanı Eritreya Dövlətinin liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra Eritreya Dövlətinin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq, sözügedən gəmilər saxlanılıb:
"Adları qeyd olunan gəmilərdə heyət üzvlərindən 18 nəfər Azərbaycan Respublikasının vətəndaşıdır.
Baş vermiş hadisə ilə bağlı ilkin məlumatlar 07.11.2024-cü il tarixində işçi qaydada Xarici İşlər Nazirliyinə daxil olduqdan sonra, tərəfimizdən hadisəyə dərhal reaksiya verilərək məsələ nəzarətə götürülüb.
Zəruri tədbirlərin görülməsi məqsədilə, Eritreya Dövlətinin ərazi sularına girişin beynəlxalq hüquq normaları ziddiyyət təşkil etmədiyinə dair hüquqi əsaslandırma Efiopiya Federativ Demokratik Respublikasında və Rusiya Federasiyasındakı səfirliklərimiz vasitəsilə Eritreya tərəfinə müvafiq nota vasitəsilə çatdırılıb. Eritreya XİN-də, Eritreyanın Türkiyə və Moskvadakı səfirliklərində müvafiq görüşlər keçirilib.
Məsələnin həlli, gəmilərin və heyətin sərbəst buraxılması, eləcə də zəruri konsulluq hüquqi yardımların göstərilməsi məqsədilə müvafiq iş davam etdirilir".
10:04
"Afrika qitəsində saxlanılmış gəmilər "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) məxsus deyil".
Bunu Oxu.Az-a açıqlamasında səhmdar cəmiyyətinin mətbuat katibi Mehman Mehdiyev bildirib.
Onun sözlərinə görə, gəmi ilə bağlı yayılan xəbərlərdə Xəzərdə üzən ASCO gəmilərinin fotolarından istifadə olunması narahatlıq yaradır:
"Dənizçilərdən və onların ailələrindən çoxsaylı narahatlıq mesajları alırıq. Yanlış məlumatlar kimi, yanlış görüntülər də onlar arasında çaşqınlıq yaradır".