65e6c37bdecde202403240219
Ailəsinə görə sənətini atdı, həyat yoldaşı və qardaşı şəhid oldu - Sevdiyi adamla son dəfə...
Panarama.az kulis.az-a istinadla xanəndə, Əməkdar artist Gülüstan Əliyeva haqqında maraqlı faktları təqdim edir.
Gülüstan Həsən qızı Əliyeva 8 aprel 1967-ci ildə Yevlaxda doğulub. Kiçik yaşlarından atası onu və bacılarını musiqiyə cəlb edir. Yevlaxda orta məktəbdə oxuyanda atası onu, bacılarını musiqiyə cəlb eləyir. O, "Pionerlər evi"ndə musiqi təhsili alır.
1981-ci ildə keçirilən Gənc İstedadların Respublika Müsabiqəsində üç turun üçündən də əla qiymət alıb müsabiqənin qalibi olan Gülüstan 1982-ci ildə Yevlaxdan Bakıya-Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə təhsil almağa göndərilib. İslam Rzayevdən muğamın sirlərini öyrənib. 1985-ci ildə məktəbi fərqlənmə ilə bitirib. Elə həmin il Dövlət Konservatoriyasında açılan muğam sinfinin ilk tələbəsi və ilk məzunu olub.
1990-cı ildə konservatoriyanı fərqlənmə ilə bitirib. 1995-1996-cı illərdə Muğam Teatrında solist işləyib.
Müğənninin ilk debüt mahnısı “Sona bülbüllər” olur. Xanəndənin ən böyük arzusu Akademik Opera və Balet teatrının afişalarında öz adını görmək olur.
1997-ci ildə onun bu arzusu gerçəkləşir. O, Akademik Opera və Balet teatrının solisti kimi fəaliyyətə başlayır. İlk dəfə "Leyli və Məcnun" operasında Məcnunun anası rolunu oynayıb. "Leyli və Məcnun"da Leyli, "Aşıq Qərib"də Şahsənəm, "Şah İsmayıl"da Ərəbzəngi, "Arşın mal alan"da Cahan, "O olmasın, bu olsun"da Sənəm, "Natəvan"da xanəndə qız obrazlarını yaradıb. Milli Konservatoriyanın və İncəsənət Gimnaziyasının müəllimidir.

Konservatoriyada oxuyan vaxtlarda Gülüstan Əliyeva əslən Cəbrayıl rayonundan olan polis işçisi Zahid adlı oğlanla tanış olur. O zamanlar Gülüstan xanım artıq tanınan xanəndə imiş. Ancaq Zahidə olan sevgisi onu sənətini atıb Bakıdan Cəbrayıla köçməyə vadar edir.
1991-ci ildə cütlük ailə qurandan on ay sonra onların Rüfət adlı oğlu dünyaya gəlir. Rüfət iki aylıq olanda, Zahid Birinci Qarabağ müharibəsinə yollanır və döyüşlərin birində o, minaya düşərək ağır vəziyyətdə yaralanır. Onu xəstəxanaya çatdırsalar da həyatını xilas etmək mümkün olmur. Xanəndə özü həmin günlər haqda deyir:

“Onun baxışları həmişə mənim xatirimdədi. O, xəstəxanada olanda, qayınatamgil qoymadı onu son dəfə görüm. Dedilər ki, gəlmə, vəziyyəti çox pisdir. İstəmir ki, sən onu o vəziyyətdə görəsən. Guya həyat yoldaşım deyib ki, gəlməsin, məni belə görməsin. Koridorda o yana, bu yana gedirdim. Fikirləşirdim ki, bəlkə, imkan olar ki, orada kimsə olmaz, heç olmasa içəri girib görərəm. Mənə illər sonra dedilər ki, o, məni sayıqlayır, çağırırmış ki, ona sözüm var, Rüfəti ona tapşırım. Amma heç kəs məni çağırmadı. Çox təəssüf ki, onun son sözünü, son nəfəsini, istəyini eşidə bilmədim. Buna imkan olmadı. Həmişə deyirəm ki, iki şəkil, 317 gün bərabərdir bir ömür. Mənim Zahidlə cəmi iki şəklim olub və biz 11 ay, 317 gün birlikdə yaşamışıq”.
Oğlu ilə təkbaşına qalan Gülüstan xanım Cəbrayıl işğal olunana qədər orada evlərində yaşayır. Oğlu barədə xanəndə belə deyir: “Mənim bu həyatda qalmağımın səbəbkarı, məni ayaqda tutan, bu qədər güclü olmağa sövq edən, güclü göstərən, bu gün də mənim arxam, dayağım, sirdaşım, dostum – oğlumdur. O, kiçik olanda da həmişə dərdləşirdik. Balaca olsa da, mənə dost idi”.

1993-cü ildə Cəbrayıl rayonu işğal olunur. Sənətçinin qardaşı Azad 1994-cü ildə şəhid olur. Bu hadisələrdən sonra ifaçının həyatı çətinləşir. O, sənətdən uzaqlaşaraq ərinin peşəsini davam etdirmək üçün sənədlərini hüquq fakültəsinə verir və qəbul olunur.
Cəbrayıl işğaldan azad olunandan sonra müğənni 30 il sonra həyat yoldaşının qəbrini ziyarət edir:

"Bu gün böyük qələbəyə gedən yolun başladığı gündür. Düz 30 il əvvəl Birinci Qarabağ müharibəsində vətən, torpaq deyərək canını qurban edən Daxili İşlər Nazirliyinin zabiti, Cəbrayılımın igid oğlu Zahid Əhmədovun ruhu şaddır. Düşmən tərəfindən dağıdılmış müqəddəs ziyarətgahda məzarını tapdım. Əməyi keçən qardaşlarıma minnətdaram. Burada yatanların ruhu şad olsun. Allah şəhidlərimizə rəhmət eləsin".
Hazırda Milli Konservatoriyanın və İncəsənət Gimnaziyasının müəllimi olan Gülüstan Əliyeva 2005-ci ildə Əməkdar artist adına layiq görülüb.
05.03.2024 11:01
3112

(MGID): :
OXŞAR XƏBƏRLƏR