Son zamanlar Türkiyədə sosial media fenomenləri çirkli pulların yuyulması səbəbilə həbs olunurlar. Bu məsələ Azərbaycan blogerlərinin də bahalı həyatlarını gündəmə gətirib. Hətta bir çox ailələr blogerlərin həyat tərzini yaşaya bilmədiklərinə görə dağılır. Araşdırmalar göstərir ki, qadınların çoxu bloger cütlüklərin dəbdəbəli həyatını ona yaşada bilmədiyinə görə, ərlərini günahlandırırlar.
Sosial şəbəkələrdəki bahalı həyatlar ailə institutlarının sıradan çıxmasında və ailələrin dağılmasında təsiredici rol oynayırmı?
Psixoloq Elmir Əkbər Bizim.Media-ya bildirib ki, insanlar danışılan nağıllara inanmağa meyllidirlər: "Birincisi, hamı özünə sual verməlidir ki, bu cütlüklərin paylaşdıqları həyata onlar nəyin vasitəsilə nail olublar? Biz çox gözəl bilirik ki, onlar hansı formada, nəyin hesabına böyük məbləğdə pulları əldə edirlər. Məsələn, hansısa varlı qoca kişi yanında saxladığı, gəzdirdiyi qızlara yalançı ərlər tapır.
Sonra bir gədəyə pul verir ki, saxladığı favoritikasıyla guya evlənmiş kimi özünü göstərsin. Onlar da həmin pulun müqabilində özlərini ər-arvad kimi təqdim edirlər.
Bəziləri hətta, gedib rəsmi nikaha girir. Bu gün çoxumuzun tanıdığı gənc müğənnilərin, aparıcıların, kimlərinsə ərləri pulla satın alınıblar. Sonra belə cütlüklər sosial mediada videolar, şəkillər paylaşırlar, efirlərə dəvət olunurlar. Hamı da baxıb onların xəstəsinə çevrilir".
Psixoloqun sözlərinə görə, ən böyük bəla odur ki, insanlar həmin bahalı, bərbəzəkli həyatları efirlərdə, filmlərdə, seriallarda müşahidə edirlər və ağılsızcasına tutub yapışırlar ki, biz də belə yaşayaq: "Arzu-istəyə heç bir etiraz yoxdur. Amma onlar "bu həyatı necə əldə etmək mümkündür?" qismini fikirləşmirlər. Özü də mən bir şeyi anlamıram. Nəyə görə qadın bahalı həyatı öz ərindən tələb edir? Hüquq bərabərliyindən danışırlarsa, o deməkdir ki, onlar bu həyatı, qazancı birgə əldə etməlidirlər. Baxın, ənənəvi Azərbaycan ailəsində qadın əri ilə belə pul, dəm-dəsgah davası aparmır. Bu mübahisəni aparanlar özlərini guya müasir və qeyri-ənənəvi düşüncəli adlandıran qadınlardır".
"Arvad ərindən heç nə istəyə bilməz.
Hər iki tərəf bərabərhüquqludur. İnsan ağıllı olmalıdır. Birgə əyləşib kişi papağını, qadın isə ləçəyini qarşısına qoyub düşünməlidir ki, ailə quranda kimə gedir. Bu qeyri-sağlam bünövrə üzərində qurulmuş ailələrin problemləri çoxdur. Arvad ərindən, yaxud da, ər arvadından müxtəlif şikayətlər edir.
Ailə müqəddəs bir dəyərdir, çoxları isə öz psixoloji problemləri ilə onu ucuzlaşdırır. Xoşbəxt, gözəl həyat yaşamaq üçün oturub fikirləşmək, təhsil almaq, xarici dil öyrənmək lazımdır. Ancaq belə halda sizin xoşbəxt və maraqlı həyatınız ola bilər. Lakin qupquru istəyə heç nə verilmir" - deyə, Elmir Əkbər bildirib.