İstehsal tarixi 10 ildən çox olan minik avtomobillərinin (nadir minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən avtomaşınlar istisna olmaqla) Azərbaycana gətirilməsinin məhdudlaşdırılması maşın bazarında qiymətlərə təsir göstərib.
Hazırda avtomobillərin qiymətlərini öyrənmək üçün Sumqayıtın maşın bazarında müşahidələr aparıb. Həm alıcılar, həm də satıcılar bildiriblər ki, qiymətlər qalxıb. Özü də, nə az, nə çox - 1 000-2 000 manat.
Satıcı Zakir İbrahimov bildirib ki, qiymətlərdə fərq köhnə avtomobillərdə müşahidə edilir:
“Qiymət artımı xüsusən də buraxılış ili köhnə olan avtomobillərdə müşahidə edilir”.
Digər satıcı Ramin Heydərov isə bunun səbəblərini başqa faktorla əlaqələndirib. O, hər ilə yay fəslində qiymətlərin artdığını qeyd edib.
Satıcı Şükür Şükürov alış-verişin olmamasından gileylənib:
“Qiymətlər kəllə-çarxa qalxıb. Alıcıların da cibinə uyğun olmadığı üçün bazarda durğunluq yaşanır”.
Satıcı Əmrah Abdullazadənin sözlərinə görə, sürücülər xarici ölkələrdən maşın gətirə bilmədikləri üçün burdakı maşınlara tələbat var:
“Alıcılar əsasən buraxılış ili köhnə, mühərrik gücü az olan maşınlara üstünlük verir”.
Alıcı Elvin Paşabəyli qiymət artımını subyektiv səbəblərlə əlaqələndirib:
“Hərə qiyməti bir səbəbdən qaldırır. Alıcı çoxdur, amma ala bilən yoxdur. Avtomobillərin qiyməti çox artıb. Xüsusən “Mercedes-Benz” markalı maşınların”.
Alıcı Şəmsəddin Şabanov da qiymətlərin qalxdığını qeyd edib.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev bildirib ki, istehsal tarixi 10 ildən artıq olan avtomobillərin ölkəyə buraxılmaması qərarından sonra bu nəqliyyat vasitələrinin qiymətlərində marka və modelindən asılı olaraq 1 500 manatdan başlayan artım hiss edilir:
“Bu, bir sıra maşın alverçisi adlandırdığımız şəxslər tərəfindən təyin olunan süni artımdır. Əslində istər həmin avtomobillərin, istərsə də digər köhnə avtomobillərin qiymətləri yerli bazarda süni olaraq iki-üç dəfə artırılıb. Təəssüfedici haldır ki, artıq istifadə müddətini başa vurmuş bir çox avtomobillər “bəh-bəh”lə satılır. Misal üçün, 1994-cü ilin “Mercedes-Benz”ini hələ də bazarda 10 min manat ətrafında satılması pisdir. Düşünürəm ki, yaxın zamanlarda bununla bağlı tədbir görülər”.//pravda.az