
Ayrılmaq istəyən sevgilisini maşında döyən gənc oğlan cəzasız qaldı
Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Ziyad Babayevin (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Panarama.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ziyad Babayev cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.
İttihama görə, hadisə bu il iyulun 15-də, saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Ziyad Babayev avtomobilin içərisində sevgilisi, zərərçəkmiş Zəminə Əlizadə (adı və soyadı şərtidir) ilə qadının ondan ayrılmaq istəməsi səbəbindən mübahisə edib. Bu zaman o, qəsdən əli ilə zərərçəkmiş şəxsin qol və kürək nahiyələrindən bir neçə dəfə vuraraq onun sağlamlığına yüngül zərər yetirib.