Yanvarın 5-də saat 23 radələrində Füzuli rayonu Kürdmahmudlu kəndində 2003-cü il təvəllüdlü Allahverdiyev Azər Cahid oğlunun kəsimiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Panarama.az bildirir ki, bu barədə Musavat.com-a DİN-in mətbuat xidmətinin regional qrupundan məlumat verilib.
Qeyd olunub ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanması istiqamətində tədbirlər görülür.
Hadisə ilə bağlı Füzuli rayon prokurorluğu da məlumat yayıb. Bildirilib ki, qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb.
Belə ki, yanvarın 5-də saat 23 radələrində Füzuli rayonu, Kürmahmudlu kəndi ərazisində 2003-cü il təvəllüdlü Azər Allahverdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırma zamanı 2005-ci il təvəllüdlü Nemət Bayramlının aralarında yaranmış mübahisə zamanı Azər Allahverdiyevə kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Nemət Bayramlı iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.