
Azərbaycanda bu qayda ləğv olunur
Milli Məclis məhkəmənin baxdığı hüquqi əhəmiyyətli faktların siyahısından "ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının" çıxarılmasını təklif edir. Bəs qanunda nə dəyişəcək?
Panarama.az bildirir ki, Hüquqşünas Turan Abdullazadə Metbuat.az-a açıqlamasında bildirib ki, əvvəllər belə bir qayda var idi: əgər bir kişi və qadın rəsmi nikaha girməmişdilərsə, amma faktiki ər-arvad kimi bir yerdə yaşayırdılarsa və onlardan biri vəfat etmişdisə, sağ qalan şəxs məhkəməyə müraciət edərək bu münasibətin tanınmasını istəyə bilərdi. Məhkəmə də baxıb qərar verirdi ki, bunlar faktiki ər-arvad olublar:
“İndi Milli Məclis bu qaydanı qanundan çıxarıb. Yəni artıq belə hallar üzrə məhkəmə qərarı ilə faktiki nikahın tanınması mümkün olmayacaq. Çünki bu qayda, əslində, yalnız 1944-cü ildən əvvəlki dövr üçün nəzərdə tutulmuşdu. Yəni 1944-cü ildən əvvəl kişi və qadın evli olsalar da, nikahı rəsmiləşdirməmişdilərsə, bu qayda onların hüquqlarını qoruyurdu. Ancaq indi artıq 80 ildən çox vaxt keçib. Belə insanlar ya vəfat edib, ya da artıq bu qaydanın onlara bir faydası yoxdur. Yəni bu cür hallar artıq reallıqda olmur”.
T.Abdullazadə qeyd edib ki, məhkəmələr belə işlərə baxmayacaq. Kiminsə ölmüş şəxslə evli olduğunu sübut etmək istəyirsə, artıq bunu məhkəmə yolu ilə edə bilməyəcək. Yalnız rəsmi nikah olan şəxslərin hüquqları tanınacaq