2024-cü ilin yanvar ayında qiymətlər, 2023-cü ilin eyni ayına nisbətən 1,7 faiz artıb.
İnflyasiya səviyyəsi qida məhsulları, içkilər və tütün məmulatları üzrə 0,7 faiz, qeyri-qida məhsulları üzrə 1,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 3,2 faiz olub.
Panarama.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
“İnflyasiya meyillərinin səngiməsi daha çox idxal olunan məhsullarda inflyasiya dərəcəsinin aşağı düşməsi ilə bağlıdır. Belə ki, inflyasiyanın strukturunda idxal olunan məhsullarının qiyməti xüsusi çəkiyə malik olduğundanregional bazardakı dəyişikliklər qiymət indeksinə təsirsiz ötüşmür. Bütövlükdə, inkişaf etmiş dövlətlərdə və eləcə də əksər region ölkələrində inflyasiya meyillərinin səngiməsi müşahidə olunur. Ötən ay üzrə inflyasiyanın stukturunda diqqəti çəkən əsas məqam xidmətlərin qiymətindəki artımın ümumi istehlak qiymətləri indeksini təxminən 2 dəfə üstələməsidir”.
Deputat diqqətə çatdırıb ki, rəsmi inflyasiya səviyyəsi 1.7 faiz olduğu halda, xidmətlərdə qiymətlər 3.2 faiz yüksəlib.
“Çünki, ötən ay xidmətlərin qiyməti, hətta qida məhsullarının xərcindən də sürətlə artıb. Buna görə də, bu artımların real əsaslarının olub-olmamasının araşdırılmasına ehtiyac var”.