Azərbaycanda dağıdıcı zəlzələ gözlənilir? – Qurban Yetirmişlidən vacib açıqlama
Gecə saatlarında Azərbaycanda baş verən zəlzələ insanlar arasında təşvişə səbəb olub. Bu mövzuda əsas narahatlıqverici faktor isə Bakı şəhərindəki binalardır.
Ümumiyyətlə, Azərbaycanda qorxunc, dağıdıcı zəlzələ gözlənilirmi?
Panarama.az bildirir ki, məsələ ilə bağlı Globalinfo.az-a açıqlama verən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib ki, respublika ərazisində dağıdıcı zəlzələ bölgəsi yoxdur:
“Kiçik təkanlar hər zaman olur, olub və olacaq. Məsələn, dünən 30-a yaxın yeraltı təkandan bircə Masallı-Cəlilabad ərazisindəki hiss olundu. Bu isə heç bir fəsad törətməyib, 35 km dərinlikdə olduğuna görə qorxulu hadisə baş verməyib”.
Qurban Yetirmişli qeyd edib ki, əhali gərək belə hallara təbii yanaşsın:
“Bunu soyuqqanlı qəbul etmək lazımdır, çünki təkanlar saniyələr sonra dayanır. Ona görə də silkələnmə zaman qaçmaq, liftə daxil olmaq, pilləkənlə düşmək, eyvana çıxmaq lazım deyil. Evdə üzərinə aşacaq hər hansı predmetdən uzaq durmaq kifayət edir. 5-10 saniyəyə ötüb keçəcək bir zəlzələdir. Binaları dağıdacaq gücdə zəlzələ olmayacaq”.