66bc7d276a554202408244719
Azərbaycanda ehsan QADAĞASI -Bundan sonra...

Göygöl rayonunda və Gəncədə eyni gündə keçirilən yas mərasimlərində kütləvi zəhərlənmə ehsan qadağası mövzusunu yenidən gündəmə gətirib. Gəncədə kütləvi zəhərlənmənin olduğu yas mərasiminin sahibi deyib ki, dəfndən sonra ehsan verilib. Süfrədə bozartma, çörək, yuxa, pomidor, xiyar, göyərti, halva və digər qidalar olub.

 

Məlum olduğu kimi, hələ 2014-cü ildə Azərbaycanda israfçılığın qarşısını almaq məqsədilə dövlət hüzr mərasimlərində ehsan verilməsini xüsusi nəzarətə götürdü. Yeni təşəbbüs cəmiyyətin müxtəlif təbəqələri tərəfindən də dəstəklənirdi və rayon icra hakimiyyətlərində hüzrdə ancaq çay, halva və xurma verilməsinə nəzarət etmək üçün xüsusi komissiyalar belə yaradılmışdı.

 

Bu addım  müəyyən nəticələr versə də, tezliklə hüzr yerləri ilə bağlı bir sıra narazılıqlara yol açdı. İddia olunurdu ki, ölkədə yas məclislərinin keçirilməsi qaydalarına dəyişiklik etməsi Qafqaz Müsəlmanları İdarəsinin  sədri Şeyxülislam Allahşükür Paşazadənin ciddi narazılığına səbəb olub və bu  baxımdan qərarın bugünədək də icrasız qalmasında Şeyxi də günahlandıranlar var. Doğrudur, QMİ bir neçə dəfə yaslarda israfçılığa yol verilməməsi barədə çağırış etsə də, hazırda Bakıda QMİ-nin nəzarətində olan əksər məscidlərdəki mərasim evlərində bir çox hallarda hətta dəbdəbəli ehsan süfrələri açılmaqda davam edir.

İlahiyyat üzrə fəlsəfə doktoru, Milli Məclisin VI çağırış deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: 

“Təəssüflə qeyd etmək lazımdır ki, bu məsələ ilə bağlı dəfələrlə çağırış edilsə də, heç bir dönüş yoxdur. Mən də parlamentdə, mediada bununla bağlı çağırışlar etmişəm. Təəssüf ki, yas məclislərinin təşkili böyük bir biznesə çevrilib.Bu gün Azərbaycanda yasda olan israfçılığın dinlə əlaqəsi yoxdur. Dinimizə görə vəfat edən şəxsin ailəsində başsağlığına gələnlər üçün yemək bişirmək və ehsan vermək kimi öhdəliklər yoxdur. Əksinə, Məhəmməd Peyğəmbərin (s.a.v) hədisi var ki, vəfat edən şəxsin qonşuları və qohumları yas evinə yemək gətirməlidir. Daha da aydınlaşdırsaq, ailə dərin acı içindədir, lakın ehsan hazırlığı səbəbindən acısını yaşaya bilmir. Ehsan vermək üçün məkan, azuqə və digər ehtiyaclar arxasınca qaçır, təlaş yaşayır. Bu cür qayğılara görə biz öz əzizlərimizi son mənzilə necə yola salırıq, onu da bilmirik. 

 Əslində hamı bu ehsan prosesindən narazıdır. İnsanlar banklardan kredit, borc, hətta sələmə pul  götürürlər ki, yas məclisini yola versinlər. Etməzlərsə, insanlar tənəyə başlayırlar ki, “filankəs ölüsünə hörmətsiz yanaşdı, ölüsünə qiymət vermədi”. Fikrimcə, bu məsələ ilə bağlı normativ aktlar da qəbul etməliyik. Hətta qanun səviyyəsində məsələ qaldıra bilərik. Bəzən deyirlər ki, bu, ictimai məsələdir, ona görə qanunlarla qadağa qəbuledilməzdir. Amma düşünürəm ki, hər birimiz yas-toylardakı israfçılıqdan bezmişik. Bəzən bir yas 30 min, 50 minə başa gəlir. Bir toy isə 500 minə başa gəlir. Nə də toylarda insanlar otura bilir, musiqi qulağı batırır. Bəzən eyni yeməklər toylarda təqdim olunur. Yaslarda da biz eyni problemi görürük, insanlar əziyyət çəkirlər. Süfrədə 3-4 cür yeməyə, şirniyyata nə ehtiyac var? Orta Asiya respublikaları, məsələn, Tacikistanda bununla bağlı müəyyən normalar müəyyənləşib. Bizdə də bu qaydalar olmalıdır. İnsanlar könüllü şəkildə bunu etmədiyi üçün inzibati resurslardan istifadəyə ehtiyac var.  Fikrimcə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu işdə fəal olmalıdır. QMİ də bu təbliğatın önündə getməlidir. Yas məclislərinə uzaqdan gələnlərə çay süfrəsi verilə bilər, nəzərə alına bilər. Amma iki min nəfərə süfrə açmaq yolverilməzdir.

Dini sahə üzrə mütəxəssis, araşdırmaçı jurnalist Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a bildirib ki,  Azərbaycanda yas mərasimlərinin keçirilməsi ilə bağlı müasir mənzərə nə bu xalqın tarixi ənənələri, nə İslam dininin qaydaları ilə uyğun gəlir:

  “Dünyasını dəyişmiş insanların yaxınları yas mərasimləri zamanı bilmir ki, öz əzizlərinin itkisinə yansın, yoxsa qonaqların yemək məclisinin dərdini çəksin. Onun üçün bu mərasimə yemək məclisi deyirəm ki, bu mərasimin dini qayda ilə heç bir əlaqəsi yoxdur. Bizim ölkədə qeyd edilən yeddi, qırx, hətta bəzi hallarda əlli iki mərasiminin də İslam dini ilə heç bir bağlılığı yoxdur. Bu ənənə başqa dinlərin nümayəndələrindən öyrənilmiş, yanlış olaraq da bizim ölkənin əhalisi arasında geniş yayılmış yanlış adətdir. İslam dini israfı ən bəyənilməyən əməllərdən biri sayır. Hətta Qurani-Kərimdə israf edənlər "şeytanla qardaş" adlandırılır. Bu qədər açıq və dəqiq bəyandan sonra yas mərasimlərindəki israf hallarını İslam dini ilə bağlamaq mümkündürmü?İslam peyğəmbəri Hz.Məhəmməd (s) bir hədisində buyurur: “Dünyasını dəyişmiş insanın yaxınlarını üç gün ziyarət edin”. Bu da mərhumun yaxınlarına təsəlli vermək, dərdinə şərik olmaq anlamını ifadə edir. Təəssüf ki, bizdə dinimizin bütün buyruqlarının əksinə yas mərasimləri banket tədbirlərinə dönüb.

 

Dinimiz bir yandan da hansısa əmələ görə kollektiv məsuliyyəti deyil, fərdi məsuliyyəti əsas götürür. Çünki Allah qatında hər kəs öz əməlinə görə mükafatlandırılır, yaxud ona cəza verilir. Bu baxımdan da yas mərasimlərində normal qaydalara əməl etməyi hər kəs özündən başlamalıdır. Təbii ki, mərasim evləri, ərzağın bu yerlərə topdansatışı bu işin biznesini quranlar üçün sərfəli vasitədir. Lakin kimsə ehtiyacı olan insanlara həqiqi, dinimizin tövsiyə etdiyi kimi ehsan etsə, yardımlaşsa, bunu qarşısını kim ala bilər?

Qəbiristanlıqlara nəzər salanda bütpərəstlik elementi ilə zəngin olan məzar daşlarını hansı müsəlmanlığa aid etmək olar? İnsanlar fərqində deyil ki, kimlərinsə mərmər biznesinin daha da çiçəklənməsinə yardımçı olurlar. Təəssüf ki, dini təbliğat, israfdan qaçmağı təşviq etməklə bu qədər  biabırçılıqları aradan qaldırmaq mümkün olmur. Nə qədər bu vasitənin tətbiqini istəməsəm də, görünür, yas mərasimlərində və toylarda normal qaydalar yaratmağın yolu inzibati metodlarla tənzimləmədən keçir. Əks halda, nəyəsə nail ola bilməyəcəyik". 

14.08.2024 08:38
520

(MGID): :
OXŞAR XƏBƏRLƏR