66d8c546952bf202409243830
Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR - “Aztelekom” və “Baktelecom” cavab verdi
İnternetin qiyməti qalxandan sonra, yəni aylıq ödəniş 25 manat olandan sonra abunəçilərə 100 Mbit/s -nin təklif ediləcəyi bildirilsə də, internetin sürəti deyiləndən aşağıdır. Redaksiyamıza daxil olan çoxsaylı müraciətlərdə müştərilər “Aztelekom”  və  “Baktelecom”dan şikayətçi olduqlarını bildiriblər.
Məsələ ilə bağlı Referans.az-ın sorğusuna cavab verən “Aztelekom”un məlumatında bildirilib ki, internet xidmətinin təminatı istiqamətində hazırda kütləvi nasazlıq müşahidə olunmur. İnternetin sürətində yaranan problemlər fərdi ev təsərrüfatlarında texniki nasazlığın baş verməsi səbəbindən ola bilər: "Belə hallarda abunəçilərin müraciəti əsasında internet xidmətində yaranan texniki nasazlıqlar nəzarətə götürülərək aradan qaldırılır".
Açıqlamada bildirilib ki, internetin sürətinin zəifliyi ilə bağlı müraciətlərin qeydiyyatı zamanı problemlərin əsas 3 səbəbdən qaynaqlandığı müşahidə olunur:
"Həmin səbəblər aşağıdakılardır:
Cihazların uyğunluğu. İnternet sürətinin 100 Mbit/s olması üçün abunəçinin istifadə etdiyi cihazlar (kompüter, notbuk, telefon və s.) bu sürəti dəstəkləməlidir. Əgər cihazın şəbəkə adapteri və ya Ethernet portu 100 Mbit/s və ya daha yüksək sürəti dəstəkləmirsə, real sürətin aşağı olması müşahidə olunur.
Modem və marşrutlaşdırıcının konfiqurasiyası. Modem və ya marşrutlaşdırıcının konfiqurasiyası düzgün aparılmadıqda internet sürəti məhdudlaşa bilər. Məsələn, modem köhnə versiyadadırsa və ya düzgün konfiqurasiya olunmayıbsa, yüksək sürətləri təmin edə bilməz. Həmçinin Wi-Fi marşrutlaşdırıcılarının bəzi parametrləri (kanal seçimi, bant genişliyi) düzgün qurulmadıqda Wi-Fi üzərindən internet sürətinin əhəmiyyətli dərəcədə azalması müşahidə olunur.
Dalğaların konfiqurasiya olunmaması. Wi-Fi dalğalarının yayılması ətraf mühitdən və istifadə olunan dalğa bantlarından asılıdır. Məsələn, 2.4 GHz bantı daha geniş əhatə dairəsini təmin etsə də, daha aşağı sürətlər təqdim edir və müdaxilələrə daha həssasdır. 5 GHz bantı isə daha yüksək sürətlər təmin etsə də, əhatə dairəsi məhduddur. Əgər bu dalğalar düzgün konfiqurasiya olunmayıbsa, internet sürəti azalacaq".
Sonda abunəçilərin nəzərinə çatdırılıb ki, yarana biləcək hər hansı texniki nasazlıqlarla qarşılaşdıqları halda “Aztelekom” abunəçilərindən “170”, “Baktelecom” abunəçilərindən isə “155” Çağrı Mərkəzinə müraciət etmələri xahiş olunur.
05.09.2024 00:37
356

(MGID): :
OXŞAR XƏBƏRLƏR