Azərbaycanda polisin repetitor xidməti göstərən müəllimi 3000 manat cərimələdiyi iddia olunur.
Panarama.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdən birində paylaşım edilib.
Bildirilib ki, cərimələnməyə səbəb vətəndaşın VÖEN-i olmadan repetitor xidməti göstərməsi olub.
Maraqlısı budur ki, ölkədə yüzlərlə repetitor var və onların bugünədək vergiyə cəlb edilməsi ilə bağlı ciddi addımlar atılmayıb.
Nəzərinizə çatdıraq ki, qanunvericiliklə, repetitor fəaliyyəti ilə məşğul olan şəxslər gəlir əldə etdikləri üçün Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən vergi ödəyicisi kimi uçota alınmalıdırlar. Bundan sonra onlar fərdi sahibkar olan fiziki şəxs statusuna malik olurlar.
Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir.
Məcəlləsinin 218.5.10-cu maddəsində göstərilib ki, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmət göstərən vergi ödəyiciləri sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər.