"Son dövrlərdə Əminə adını "Aminə", Mehdi adını "Məhdi", Əzizi "Aziz" kimi yazdırmaq üçün müraciətlər olub. Dilimizdə vahid formada Əziz adı var və bu normalara uyğun olaraq adlar verilir. Bizə hər gün qəribə adlarla bağlı müraciət edirlər. Ən çox ad dəyişmə problemdir. Elə olur ki, valideynlər tərəfindən həddindən artıq gülüş doğuran adlar verilir. Bəzən də əzizləmə ifadə edən adlar verilir. Məsələn, uşağa "Seva", "Cana", "Nəmuşka" yazdırırlar. Uşaq müraciət edib adını dəyişdirir".
Panarama.az Trend-ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, Nəsimi adına Dilçilik İnstitutu Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova deyib.
"Adların verilməsində valideynlər həddindən artıq düşünməlidir. Adlar aydın, sadə, dəqiq olmalıdır. Elə adlar var ki, onlar gülüş doğurur, uşaqların gələcəyinə, taleyinə mənfi təsir edirsə onların qarşısı alınır. Məsələn, son dövrlərdə qeydiyyat idarələrinə uşaqlara Vıva, Azka kimi adların qoyulması ilə bağlı müraciət olunub.
Cani, Cinayətkar, Samovar kimi adlar vaxtilə qoyulub. Belə adlar qoyulan gənclər 18 yaşa çatandan sonra qeydiyyat idarələrinə adlarının dəyişilməsi ilə bağlı müraciət edirlər. Buna görə də o adların əksəriyyəti Azərbaycan dilinin adlar sistemindən xoşagəlməz adlar kimi çıxarılıb. Hər bir valideyn ad qoyan zaman düşünməlidir. Təəssüf ki, belə hallar indi də baş verir. Bəzi valideynlər baxdıqları filmdəki adı təklif edirlər. Azərbaycan dilinin öz qanunları var, bu qaydalar əsasında ədəbi dil normalarına uyğun olaraq bu adlar yazılır", - deyə Sayalı Sadıqova bildirib.