686844a91595d202507251625

Azyaşlı qardaşlar 4 yaşlı İsmayılı xilas etmək istəyərkən üçü də faciəli şəkildə öldülər - TƏFƏRRÜAT... YENİLƏNİB

05 İyul 2025
336

Şəmkirdə 3 uşağın suda boğulmasının bəzi təfərrüatı məlum olub.

Panarama.az "Report"a istinadla xəbər verir ki, rayonun Qədimqala kəndinin sakinləri olan, 2016-cı il təvəllüdlü Fərdi Teymurxan oğlu Nadirli, 2018-ci il təvəllüdlü Rəvan Teymurxan oğlu Nadirli və əmisi oğlu, 2021-ci il təvəllüdlü İsmayıl Nəriman oğlu Nadirli birlikdə süni göldə çimməyə gediblər.

Ehtimallara görə, 4 yaşlı İ.Nadirli suda batıb, bu zaman iki qardaş onu xilas etməyə çalışsalar da, onlar da suda boğulublar.

Qeyd edək ki, onların valideynləri kənddə əkin-biçinlə məşğuldurlar.



19:56

Şəmkir rayonunun Qədimqala kəndində göldə batan uşaqların meyitləri tapılıb.

Panarama.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, Qədimqala kəndində göldə üç nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

Axtarışlar nəticəsində göldə batmış 2016-cı il təvəllüdlü Fərdi Teymurxan oğlu Nadirli, 2018-ci il təvəllüdlü Rəvan Teymurxan oğlu Nadirli və 2021-ci il təvəllüdlü İsmayıl Nəriman oğlu Nadirlinin meyitləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, xüsusilə valideynlərə müraciət edərək, uşaq və yeniyetmələrin nəzarətsiz qoyulmamasına, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə və çimərlik kimi nəzərdə tutulmayan kanal, arx, göl və digər su hövzələrindən istifadə olunmamasına çağırır.


19:06

Şəmkir rayonunun Qədimqala kəndində 3 uşaq göldə batıb.

Panarama.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.