Bakıda 14 yaşlı məktəbli qızılcadan dünyasını dəyişib.
Qızılca virusuna yoluxan 8-ci sinif şagirdi Nuray İbrahimovanın həyatını xilas etmək mümkün olmayıb.
Bu barədə onun təhsil aldığı məktəbin sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Məktəblinin ölümü ilə bağlı TƏBİB də məlumat yayıb. Bildirilib ki, fevralın 12-si axşam saatlarında o, Sabunçu Tibb Mərkəzinin nəzdindəki Məhəmmədi Modul Tipli Xəstəxanasına hospitalizasiya olunub. Tibb müəssisəsinə vəziyyəti son dərəcə ağır, şok vəziyyətində, intoksikasiya əlamətləri ilə daxil olub. Nuray İbrahimovaya qızılcanın ensefalitlə ağırlaşması, kəskin tənəffüs çatışmazlığı, ürək-damar çatışmazlığı, kəskin böyrək çatışmazlığı, hipovolemik şok diaqnozu qoyulub.
Fevralın 13-də onun vəziyyəti daha da pisləşib, tənəffüs və ürək-damar çatışmazlığı əlamətləri qeyd edilib. Həmin gün saat 19:40 radələrində ürək fəaliyyətinin dayanması halı baş verib, aparılan reanimasiyon tədbirlər isə nəticə verməyib.
Son aylarda Azərbaycanda 10-dan çox azyaşlı və yeniyetmə qızılcadan dünyasını dəyişib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi qızılca ilə bağlı əhaliyə növbəti dəfə müraciət edib.
Gigiyena ve Epidemiologiya Mərkəzinin şöbə müdiri Aygün İsmayılova "Xəzər Xəbər"ə bildirib ki, yaranmış epidemioloji vəziyyətin təhlili yoluxanların böyük əksəriyyətinin qızılcaya qarşı peyvənd edilməyən və xəstəliyi keçirməyən şəxslərin olduğunu göstərir.
Vaksinasiya üçün yaşayış yerləri üzrə uşaq və böyüklərlə bağlı ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət oluna bilər./baku.ws