Bakıda hoteldəki dəhşətli hadisənin TƏFƏRRÜATI - YENİLƏNİB
Bəzi media səhifələrində paytaxtın Səbail rayonu ərazisində ictimai iaşə obyektlərinin birində baş verən hadisə ilə bağlı yayılan məlumatlar Agentlik tərəfindən müvafiq qaydada araşdırılıb və hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığı məlum olub.
Bu barədə Oxu.Az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Qeyd edilib ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsindən Agentliyə verilən tibbi sənədə əsasən, həmin şəxslərin səhhətində yaranan problemin qida zəhərlənməsi ilə bağlı olmadığı öz təsdiqini tapıb:
“Bununla bağlı bildiririk ki, bu cür hallarda rəsmi qurumla dəqiqləşdirilmədən məlumatların yayılması yolverilməzdir”.
15:40
Bakıda 4 dostun hoteldə zəhərlənməsi hadisəsi ilə bağlı bəzi faktlar üzə çıxıb.
“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, dostlardan ikisinin öldüyü hadisə Bayıl qəsəbəsinin Gülbala Əliyev küçəsində yerləşən “My Music” hotelində baş verib.
Belə ki, Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan 1998-ci il təvəllüdlü Kənan Mustafayev, 1993-cü il təvəllüdlü Orxan Əmirov, 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il təvəllüdlü Xəzər Cabbarlı mayın 6-na keçən gecə istirahət məqsədilə hotelə gəliblər. Onlar hotelin restoranında özləri ilə gətirdikləri “Black Jack” viskisini içiblər, həmçinin orada aldıqları yemək və meyvələrlə qidalanıblar. Bir qədər sonra dostlar özlərini pis hiss etməyə başlayıblar və vəziyyətləri ağırlaşıb.
Saat 04:50-də isə təcili tibbi yardıma müraciət edilib.
TƏBİB-dən bildirilib ki, mərkəzə 06.05.2024-cü il tarixində saat 04:50-də Səbail rayonu, Bayıl dairəsi, Salyan şosesi yaxınlığından müraciət daxil olub, çağırış üzrə təcili tibbi yardım briqadası cəlb olunub. Həkimlər gələnə kimi Kənan və Orxanın vəfat etdikləri məlum olub. Nicat və Xəzər isə koma halında xəstəxanaya çatdırılıblar.
Bildirilir ki, zəhərlənməyə viskinin səbəb olması ehtimal edilir. Hazırda araşdırmalar davam etdirilir.
15:01
Mayın 6-da paytaxtın Səbail rayonu ərazisində yerləşən iaşə obyektlərindən birində 2 nəfərin - 1998-ci il təvəllüdlü Kənan Mustafayev və 1993-cü il təvəllüdlü Orxan Əmirovun ölməsi, 2 nəfərin - 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il təvəllüdlü Xəzər Cabbarlının isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
Bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, hadisənin baş vermə şəraitinin, eləcə də zərərçəkmiş şəxslərin ölüm və zəhərlənmə səbəbinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib, habelə digər zəruri prosessual hərəkətlər icra olunub.
14:26
Bakıda, məşhur hotellərin birində zəhərlənən iki nəfərin - Xəzər Cabbarlı və Nicat Cabbarlının son durumu açıqlanıb.
Oxu.Az-a Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, hər iki şəxs Toksikologiya şöbəsinə qəbul edilib.
Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri ağır-stabildir. Lazımi tibbi müdaxilələr davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
13:58
Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur hotellərin birində dəhşətli hadisə baş verib.
Bakupost.az xəbər verir ki, hoteldə əylənən 4 kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin vəziyyətinin ağır olduğu bildirilir