67910918cfb84202501250456
Bakıda qızlar qorxu evində xəsarət aldı... FOTO


Qızlar Bakıda fəaliyyət göstərən qorxu evlərinin birində döyülüblər.

Bu barədə sosial media istifadəçilərindən biri yazıb. Belə ki, iştirakçılar oyunda “ultra hard” səviyyəsini seçiblər. Bununla bağlı onlara təqdim edilən sənədi imzalayıblar. Sənəddə içəridə baş verəcək hər hansı hadisə ilə bağlı məsuliyyətin iştirakçının üzərində olacağı qeyd edilib.

“Orada aktyorlar tərəfindən çox pis döyüldük. Bədənimiz pis vəziyyətdədir. Kürəyimizdə zəncirin izləri qalıb. Belə olan halda şikayət edə bilərik?”, - deyə iştirakçı deyib.

Məsələ ilə bağlı vəkil Vamiq Şükürov Metbuat.az-a açıqlamasında bildirib ki, adətən, idman yarışlarında şəxslərin bir-birinə göstərdiyi fiziki ağrılar, o cümlədən bu fiziki hərəkətlərin nəticəsində onlara dəymiş bədən xəsarətləri sadəcə olaraq oyun zamanı baş vermiş sayılır və bu xəsarəti vuran şəxs məsuliyyət daşımır. Bununla bağlı Mülki Məcəllənin 1097.5-ci maddəsinə əsasən, əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər:


“İdman yarışlarında hətta hakimlər olur, həmin idman yarışlarının qabaqcadan müəyyən olunmuş çox ciddi qaydaları müəyyən olunur və iştirakçı əvvəlcədən bilir ki, burada hansı fiziki təsirlərə məruz qala bilər. Ancaq hakimlər də bu qaydalara əməl olunmasına ciddi nəzarət edirlər. Qaydanı pozan şəxsə xəbərdarlıq olunur və hətta oyundan müvəqqəti və ya daimi şəkildə kənarlaşdırıla bilir. Bu məsələyə də eyni qaydalar şamil olunur. Əgər zərər zərərçəkənin xahişi və razılığı ilə vurulubsa, bunu edən kəs əvəzini ödəməkdən imtina edə bilər”.

V.Şükürovun sözlərinə görə, bu hal adi bir razılıqla baş vermir:

“Bunun üçün qabaqcadan həmin qorxu evlərində oyunların hansı mərhələlərdən ibarət olması, hər mərhələdə hansı psixoloji və fiziki təsir göstərilməsi, oyun iştirakçısına hansı həddə qədər zərər vurulacağı müəyyən olunmalıdır. Əgər sadlananlar qabaqcadan müəyyən olunmursa və şəxs nəyə razılıq verdiyini açıq-aydın bilmirsə, bu, artıq qaydaların pozulmasıdır və hüquqi qaydada ziyanı vuran tərəf zərərin vurulması nəticəsində hansısa psixi xəstəliklərə məruz qalan şəxslərə dəymiş ziyanları ödəməlidir”.

Vəkil qeyd edib ki, qorxu evlərindəki oyunlar zamanı əgər şəxslərin bədənlərinə yüngül, az ağır, ağır xəsarətlər dəyərsə və ya onların xəstəlik tapmalarına səbəb ola bilən təsirlərə məruz qala bilərsə, sonradan onların sağlamlıqları pozularsa, bu, artıq inzibati xəta və ya cinayət hesab edilə bilər. Ona görə də deyilən hüquqi qaydalar gözlənilməlidir. 


22.01.2025 19:04
283

(MGID): :
OXŞAR XƏBƏRLƏR