65a7ed77af811202401240839
Bakıda sarılıq təhlükəsi ilə bağlı RƏSMİ AÇIQLAMA -

18:38

Bakı şəhəri Suraxanı rayonu Əmircan və Bülbülə qəsəbələrinin əhalisi arasında 2023-cü ilin dekabr ayından başlayaraq yoluxucu Hepatit "A" virusu xəstəliyi yayılıb.

Bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, xəstəliyin yayılması ilə bağlı tədbirlər davam etdirilir.

"Aparılan profilaktik tədbirlər ilə əlaqədar "Azərsu" ASC-nin mütəxəssisləri ilə birgə mərkəzləşdirilmiş içməli su şəbəkəsində laborator müayinə üsullarının tətbiqi ilə monitorinqlər keçirilir. Profilaktik tədbir olaraq su şəbəkəsində qalıq xlorun müvəqqəti yüksəlməsi ilə bağlı Əmircan və Bülbülə qəsəbələrini qidalandıran +54 Ramana mərkəzi su anbarının ərazisində 1 ədəd xlor tərkibli reagent dozalayıcı nasos quraşdırılıb. Eyni zamanda, "Azərsu" ASC-nin Suraxanı rayon Sukanal idarəsinin mütəxəssisləri rayon GEM-nin əməkdaşları ilə birgə fərdi yaşayış evlərində yerləşən ehtiyat su çənlərinin yuyulub dezinfeksiya edilməsi ilə bağlı tədbirlər həyata keçirilib", - məlumatda vurğulanıb.

--------

17:53


Bakının Sabunçu rayonunun Əmircan və Bülbülə qəsəbələrində sarılıq xəstəliyi yayılıb. Yerli əhali buna kanalizasiya sularının içməli suya qarışmasının səbəb olduğunu deyir.

Panarama.az xəbər verir ki, məsələ ilə bağlı Sabunçu Rayon Xəstəxanasının mətbuat katibi Səkinə Yusibli Publika.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda xəstəliyin hansı səbəbdən yarandığı araşdırılır:

"Dəqiqliklə deyə bilmərik ki, xəstəlik sudan olub, ya hava-damcı yolu ilə keçib. İlk müraciətlər 11-12 yanvar tarixlərində olub. Hələ də davam edir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin Yoluxucu Xəstəliklər Şöbəsində hazırda hepatit (sarılıq) səbəbi ilə stasionar müalicə alan 14 nəfərin hər birinin yaşayış ünvanı Suraxanı rayonudur və əsasən, Bülbülə və Əmircan qəsəbəsi sakinləridir. Onların doqquzu qadın, beşi isə kişidir. Vəziyyətləri stabil olaraq dəyərləndirilir".

Hepatit A (xalq arasında "sarılıq" deyilir) virusu ən çox çirkli sulardan keçdiyi üçün yay aylarında bu xəstəliyə tutulanların sayında hədsiz dərəcədə artım görünür. Yaxşı yuyulmamış tərəvəzdən, hovuz və dəniz suyundan da hepatit A virusuna yoluxma riski daha çoxdur. Hepatit A xəstəliyinin simptomları: solğunluq, saralma, halsızlıq, ürək bulantısı, temperatur və sidik rənginin tündləşməsidir.

Həkim-infeksionist Vasif Əliyev qeyd edib ki, sarılıq xəstəliyi daha çox antisanitariya səbəbi ilə yayılır:

"Həmin 14 nəfərin ortaq ünvanı araşdırılmalıdır. Çünki həmin insanlar ortaq su və qida istifadə edə bilərlər. Ona görə bunun epidemioloji tərəfi araşdırılmalıdır. Çünki xəstəlik daha çox fekal-oral yolla yoluxur. Mütləq şəkildə araşdırılmalı və nəzarətə götürülməlidir. Xəstəliyin əsas qorunma yolu peyvənd olunmaqdır. Amma mütləqdir ki, gigiyena qaydalarına ciddi surətdə əməl olunsun. Əgər ortada bir təhlükə varsa, epidemioloji qurum bunu nəzarətə götürməlidir".

Sarılıq dəri və göz ağlarının sarı göründüyü tibbi bir vəziyyətdir. Sarılıq, əslində, bir xəstəlik deyil, bir çox müxtəlif xəstəliklərin nəticəsi ola biləcək bir simptomdur.

Qeyd edək ki, TƏBİB-dən sözügedən ərazilərdən sarılıq xəstəliyi ilə bağlı müraciətlər daxil olduğu və pasiyentlərə zəruri tibbi xidmət göstərildiyi bildirilib. "Azərsu" ASC isə sakinlərin içməli sudan yoluxucu xəstəliyə tutulması xəbərini təkzib edib./milli.az

17.01.2024 19:06
3309

(MGID): :
OXŞAR XƏBƏRLƏR