“Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda dəyişiklik edilib.
Panarama.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliklə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) yerli bölmələri və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi altsistemdə sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərin qeydiyyatını aparacaq və həmin təhsilverənlərin müəyyənləşdirilmiş vaxtda sertifikatlaşdırmada iştirakını təmin edəcək.
Bundan başqa, Sertifikatlaşdırma Şurasının təqdim etdiyi sertifikatlaşdırmanın nəticələri barədə məlumat əsasında Nazirlik sertifikatlaşdırmadan keçən və keçməyən təhsilverənlərin siyahısını hazırlayaraq MÜTDA və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə verəcək.
Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.
Dəyişikliklə, həmçinin təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi yeni tədris ili başlayanadək ləğv ediləcək./qlobal.net