65f7d37509319202403243901
Bəstəkarın xanımı: “Sibel Can bilməlidir ki, oğurluq mahnı oxuyur, təzminat tələb edəcəyik”

Türkiyəli müğənni Sibel Canın səsləndirdiyi "Tamam o zaman" mahnısının plagiat çıxdığı bildirilir. Bəstənin mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin oxuduğu "Gülüb getdi" mahnısının eynisi olduğu iddia edilib. Bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Panarama.az xəbər verir ki, Tahir Əkbərin xanımı Aybəniz Əkbərova Moderator.az-a açıqlamasında mözvuya aydınlıq gətirib.

"Əgər 4 notdan artıq oxşarlıq varsa mahnının plagiat olması təsdiqlənir. Bu dünya üzrə də qəbul olunmuş qanundur. Musiqiçilər, bəstəkarlar deyir ki, bu mahnıda 6-8 arası eyni not var. Özü də sıralama ilə gedir. Mən özüm də dinləmişəm və qərara gəlmişəm ki, mahnı oğurlanıb. Peşəkar bəstəkarların mahnılarını dövlət qoruyur, eləcə də Tahir Əkbərin mahnılarını. Biz varisi olaraq Əqli Mülkiyyət Agentliyinə müraciət etməliyik. Əsər ekspertə gedəndən sonra plagiat olması təsdiqlənsə, əlbəttə ki, bəstəkarla əlaqə saxlamalıyıq. Əgər o da bu məsələni boynundan atsa, biz təzminat tələb edə bilərik. Deyilənə görə bəstəni türk yox, ərəb bəstələyib. Amma dəqiq bilmirik, araşdırılacaq. Sibel Can ifaçıdır, mən bildiyim qədərilə təzminatı bəstəkar ödəməlidir. Sibel Can da bilməlidir ki, oğurlanmış mahnı oxuyur. Mahnılar bir-birinə oxşaya bilər, amma notlar üst-üstə düşə bilməz. Biri var anonim, biri də var ki, oğurluq. Mahnının nəqarət hissəsinin notları oğurlanıb. Bir neçə dəfə də bu məsələ qaldırılıb. Tahir bu əsəri 1987-ci ildə bəstələyib. Sibel Can isə bu mahnını 2015-ci ildə ifa edib. Musiqişünaslar buna rəy verməlidirlər. Tahir deyirdi ki, "7 not var, amma hər bəstəkar bu notların içində öz notunu tapmalıdır". Bir insanın beyninin məhsulunu necə oğurlamaq olar?! Əlbəttə ki, olmaz! Bir əsəri, mahnını bəstələmək illərlə davam edən ağır və çətin bir prosesdir. Bu mahnını Azərbaycanda Teymur Əmrah, Mətanət İsgəndərli, Sevda Yəhyayeva və s. müğənnilər ifa edib. Son günlər bu mahnıya daha çox tələbat var", - deyə bəstəkarın xanımı bildirib.

Aybəniz xanım bildirib ki, bu, Tahir Əkbərin oğurlanan ilk mahnısı deyil.

"Türkiyənin məşhur müğənnisi Nəşə Karaböcək onun "Heç küsməyin yeridirmi?" mahnısını albomuna əlavə edib və orada mahnının müəllifi kimi Əsəd adlı bir şəxsi qeyd edib. Tahirin "Əzizim" mahnısını "Rüyalarda buluşuruz" mahnısı kimi təqdim ediblər. Onların məşhur kanon ifaçısı Halil Karaduman notbanot bütün mahnını oğurlamışdı. Tahir xəstələndi, bu məsələni başa çatdıra bilmədi. Hətta o vaxt Türkiyənin Azərbaycandakı səfirliyinə də müraciət etmişdik. Səfirin xanımı musiqiçiyə zəng edib, məsələni araşdırmışdı. Demişdi ki, "müəllif qarşımda oturub, bu nə işdir görmüsünüz?" , - deyə xanımı bildirib.

18.03.2024 09:37
463

(MGID): :
OXŞAR XƏBƏRLƏR