64de51a4850ee202308235812
“Bir gün ayılıb görəcəyik ki, Ermənistan yoxdur” - Xaçatryan

Dünən BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclası Ermənistan diplomatiyasının biabırçı məğlubiyyəti ilə nəticələndi. Qarabağ ətrafında yaratdıqları “humantar böhran”la siyasi manipulyasiya edən düşmən ölkə Laçın yolunun bağlı olması ilə əlaqədar BMT TŞ-yə şikayət etmişdi. Dostlarının köməyi sayəsində məsələni Təhlükəsizlik Şurasına çıxaran Ermənistan dünya birliyinin dəstəyinə böyük ümid bəsləyirdi. Amma TŞ-də təmsil olunan dövlətlərin əksəriyyəti Azərbaycanın mövqeyini dəstəkləməklə haqq-ədalətin yanında olduqlarını nümayiş etdirdilər. Ermənistanın isə gözləntiləri nəticə vermədi. Bu gün Ermənistan ictimaiyyətində ən çox müzakirə olunan da məhz bu mövzudur.

Ermənistan parlamentinin bir çox üzvləri Paşinyan rejiminin yürütdüyü siyasəti sərt tənqid ediblər.

Panarama.az  Konkret.az-a istinadən  xəbər verir ki, “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryanın “Facebook” səhifəsində paylaşımı da məhz bu mövzu ilə bağlıdır: “Gecə saatlarında  BMT Təhlükəsizlik Şurasında Qarabağdakı vəziyyətlə bağlı müzakirələri diqqətlə izlədim. Dəhşətli dərəcədə məyusam. Ona görə yox ki,  bəziləri  Ağdam-Xankəndi yolunu təklif edib, yaxud da  Azərbaycan nümayəndəsi Qarabağ ermənilərinin bişirdiyi tortu nümayiş etdirib və açıq şəkildə Ermənistan nümayəndəsini ələ salıb.

Yox, məyusluğum bununla bağlı deyildi. Ona görə gecəni yata bilmədim ki, heç vaxt BMT TŞ-də Qarabağ  məsələsinin müzakirəsi bu qədər səthi, bu qədər primitiv və bu qədər antierməni ruhlu olmayıb. Qarabağ münaqişəsinin siyasi həlli müzakirə olunmadı. Beləliklə, Qarabağ məsələsi dünyanın siyasi gündəmini birdəfəlik tərk etdi. Siyasi məsələ sırf humanitar məsələyə çevrildi, həll yolları siyasi müstəvidə yox, humanitar sahədə axtarılır.

Neytral hesab etdiyimiz Braziliya Ağdam-Xankəndi yolundan danışır. Bütün bunların Paşinyanın Azərbaycanın 86 min 600 kvadratkilometr ərazini tanımasından sonra baş verməsi təsadüfi deyil. Biz kimdən nə istəyirik? Bu gün Qarabağı Ermənistanla birləşdirən həyat yolu bağlıdır. Ermənistan deyir ki, insanlar ağır vəziyyətdədir. Azərbaycan isə bizi ələ salır: “Ağır olsa, tort bişirməzdilər. Əgər lap dözülməz vəziyyətdirsə, Ağdam yolu açıqdır”. Ermənistan qorxur, qırmızı xətt çəkib və Qarabağı o xətdən kənar qoyub. Ona görə də Ermənistanın siyasətini dəyişmək lazımdır. Bir gün özümüz də ayılıb görəcəyik ki, Ermənistan yoxdur, BMT TŞ erməni qaçqınlarına humanitar yardımın verilməsi məsələsini müzakirə edir”.

Bu, bir erməni deputatın ürək yanğısı ilə öz xalqına müraciəti idi. İndi  Ermənistan vətəndaşlarının hər birində eyni əhval-ruhiyyə hökm sürür. Onlar gördükləri qorxulu yuxunun təsirindən hələ də qurtula bilməyiblər.

17.08.2023 20:56
191

(MGID): :
OXŞAR XƏBƏRLƏR