Bakıda 8 Noyabr - Zəfər Gününə hazırlıq işləri yekunlaşıb.
Panarama.az Trend-ə istinadən xəbər verir ki, paytaxtın mərkəzi küçə və prospektləri bayraqlarla bəzədilib, 8 noyabrla bağlı plakatlar asılıb, Zəfərlə bağlı şüarlar yazılıb. Binaların eyvanlarından Azərbaycan bayraqları asılıb.
Dənizkənarı Milli Parkda yerləşən Saat qülləsinin yanındakı böyük səhnə artıq qurulub.
Qeyd edək ki, noyabrın 8-i saat 19:00-da Parkda yerləşən Saat qülləsinin qarşısında geniş bayram konserti keçiriləcək, daha sonra atəşfəşanlıq olacaq.
Xatırladaq ki, 2020-ci ilin sentyabrın 27-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında - 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad edib. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, Ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. İşğaldan azad olunmuş tarixi torpaqlarımızda bu gün üçrəngli bayrağımız əzəmətlə dalğalanır.
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, hər il noyabrın 8-i Azərbaycanda Qarabağın tacı, onun döyünən ürəyi Şuşanın işğaldan azad edildiyi tarix - 8 Noyabr Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur.