64df9686b7c6a202308230422
Bu gün salam verdiyin sabah səni toya çağırır, yazıq müəllim, həkim... - Afət Fərmanqızıdan SƏRT SÖZLƏR
Bu gün Azərbaycanın əksər toylarında israfçılıq baş alıb gedir. Masaların üzərində bir az da olsa boş yer qalanda, qonaqlar toy sahibini lağa qoyurlar. Nəticə olaraq, hələ də hər şey əvvəlki kimi davam edir. İnsanlar borca-xərcə girib toy edirlər. 

Bəs bu döngünü qırmaq mümkündürmü? Xaricdə yaşayan həmvətənlərimizin toy məclislərində vəziyyət necədir?

Panarama.az AZSABAH.COM-a istinadən  xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a bir müddət öncə Rusiyaya köçən müğənni Afət Fərmanqızı danışıb. O, israfçılığın əleyhinə olduğunu bildirib.

Sənətçinin sözlərinə görə, qonaqlar gəlib toya pul yazılırlar və bütün borc hesabına toplanan pullar şadlıq evləri sahiblərinin ciblərinə axır. Nəticədə insanlar banklardan asılı vəziyyətə düşürlər:

"Mən toylardakı israfçılığın əleyhinəyəm. Bu gün salam verdiyin adam sabah sənə dəvətnamə verir. Mən elə adam tanıyıram ki, evinə ayda 5-6 dəvətnamə gəlir. Bunlar hamısı büdcə tələb edir, bir toy üçün paltar almaq, salona getmək, məclisə gedib qutuya pul atmaq, toyda istədin-istəmədin fotoqrafın gəlib çəkdiyi, sonda sənə yüklədiyi fotoşəkillər hamısı pul tələb edir. Fotoqrafı da qınamıram, ona da plan qoyurlar ki, bu pulu ödəməlisən. 

Biz müğənniyik, xalq bizi az-çox dolandırır, amma sadə xalqın hamısı bunu rahatlıqla qarşılaya bilmir. Bunlar hamısı şadlıq evi rəhbərlərinin varlanmağına, insanların da banklardan asılı vəziyyətə düşməyinə səbəb olur. Doğru danışanı doqquz köydən qovarlarmış, amma mən doğrunu söyləyirəm, hər zaman da söyləyəcəyəm. Əminəm ki, kimlərəsə sözüm təsir edəcək və əleyhimə şərh yazacaqlar. Mən düşünürəm ki, dəbdəbəli məclislər, masanın üzərində 50 cür yemək olması lazımsızdır. Elə restoran var ki, orda qiymət bir nəfər üçün 400 manatdır, bir adam məclisdə 400 manatlıq nə yeyə bilər axı?! Vallah, bu israfçılıqdır. İsrafçıları heç Allah da sevmir". 

Rusiyada yaşayan həmyerlilərimizin məclisi ilə Azərbaycandakıları müqayisə edən ifaçı bildirib ki, orada məclisə 700-1000 nəfər qonaq dəvət edilmir.

O hesab edir ki, Azərbaycan cəmiyyətinin əksəriyyəti israfa meyllidir:

"Bildiyiniz kimi, mən bir müddətdir ki, Rusiyaya köçmüşəm və fəaliyyətimi burada davam etdirirəm. Moskvada 700 -1000 nəfərlik məclislər görməmişəm, məclis maksimum 300-400 nəfər qonaqdan ibarət olur. Burada da toylarda israfçılıq var, lakin Azərbaycanda bu daha çoxdur. Rusiyada insanların çoxu bizneslə məşğul olur və imkanları yaxşıdır, ona görə toyda olunan israfçılıq elə də gözə görünmür. Azərbaycanda isə orta-aylıq əməkhaqqı məlumdur. Yazıq həkim, müəllim bir ayda 5-6 toya necə getsin? Hələ bunun digər xərcləri də var... 

Unutmayaq ki, bu günün israfçısı sabahın dilənçisidir". 

18.08.2023 20:00
188

(MGID): :
OXŞAR XƏBƏRLƏR