6541d08536421202311231357
Bu müayinə icbari tibbi sığortaya DAXİL EDİLDİ...
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) süd vəzi xəstəliklərinin erkən mərhələdə aşkarlanması məqsədi ilə bir sıra instrumental və laborator müayinələr Xidmətlər Zərfində təminatına alınıb.
Panarama.az AZXEBER.COM-a istinadən  xəbər verir ki, bu barədə Musavat.com-a Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, süd vəzisinin instrumental müayinəsinə aiddir:
∙ ultrasəs müayinə (USM);
∙ mammoqrafiya;
∙ kompüter tomoqrafiyası (KT);
∙ maqnit rezonans tomoqrafiyası (MRT).
Həmçinin süd vəzisinin biopsiyası, götürülən nümunənin histoloji müayinəsi, qanda onkomarkerlərin təyini icbari tibbi sığorta tərəfindən qarşılanır.
USM süd vəzi xəstəliklərinin diaqnostikasında müasir, zərərsiz və ağrısız metoddur. USM nəticəsində kistaları və mastopatiyanın (süd vəzinin iltihabı) hər hansı təzahürünü, həcmli törəmələri, limfa vəzilərinin vəziyyətini və bədxassəli şişləri aşkarlamaq mümkündür. Mümkün patologiyaların vaxtında aşkarlanması üçün 35 yaşdan sonra qadınlar ən azı ildə bir dəfə süd vəzisinin ultrasəs müayinəsindən keçməlidir.
∙ Süd vəzisinin USM və mamoqrafiyası üçün göstərişlərin bəziləri aşağıdakılardır:
∙ Süd vəzisində əllə his edilən kütlə, bərklik;
∙ Hamiləlik və laktasiya (süd vermə) olmadığında süd vəzisi giləsindən olan ifrazatlar;
∙ Qoltuqaltı limfa düyünlərinin böyüməsi, həssaslıq və s.
Konsultasiya üçün ailə həkiminə və ya birbaşa ixtisaslı həkimə (mammoloq) müraciət etmək olar.
Süd vəzisinin KT və MRT müayinələri daha çox USM və mammoqrafiya müayinələri nəticəsində kifayət qədər məlumat əldə olunmadıqda əlavə müayinə məqsədilə aparılır. Bu müayinələr şişin mövcudluğunu, şişin xarakterini, ətraf toxumalara sirayət etməsini tez və dəqiq müəyyənləşdirməyə, həmçinin süd vəzidə aşkarlanmayan dəyişiklikləri erkən mərhələdə müşahidə etməyə imkan verir.
İcbari tibbi sığorta ilə təminata alınmış tibbi xidmətlər və digər məsələlərlə bağlı vətəndaşlar suallarını Agentliyin 1542 - Çağrı Mərkəzinə ünvanlaya bilərlər. Bütün yerli mobil operatorlardan daxil olan zənglər ödənişsizdir. Həmçinin Agentliyin rəsmi internet səhifəsinin aşağı sağ küncündə (its.gov.az) zəng sifarişi funksiyasından istifadə etdikdə Çağrı mərkəzinin əməkdaşı vətəndaşa geri dönüş edir.
Xatırladaq ki, icbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərdən istifadə etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir.
01.11.2023 08:12
1097

(MGID): :
OXŞAR XƏBƏRLƏR