Meşə yanğınlarının böyük qismi insanların meşədə iş və istirahət zamanı yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. Buna görə də meşədə yanğın təhlükəsizliyi qaydalarına əməl edin:
- meşə və meşəətrafı sahələrdə yandırılan tonqal nəzarətsiz qalmamalıdır;
- tonqalı ağac altında, quru ot və kol-kos, ağac qırıntıları olan ərazidə qalamaq olmaz;
- tonqal ətrafındakı otlar 0,5-1 metr radiusda təmizlənməlidir;
- tonqal üçün xüsusi yer hazırlanmalı, yaxud köhnə tonqalın yerindən istifadə edilməlidir;
- küləkli havada tonqal qalamaq olmaz;
- ərazini tərk edən zaman tonqal tam söndürülməli, üzərinə su tökülməli və sonra üstü torpaqla örtülməlidir. Tonqalın tam söndüyünə əmin olduqdan sonra ərazini tərk edin!;
- meşədə söndürülməmiş kibrit çöpünü və siqaret kötüyünü yerə atmaq olmaz;
- meşəyə sürtgü yağı, benzin, ağ neft, dizel yanacağı və digər yanar mayelərlə islanmış material atmaq olmaz;
- meşəyə şüşə qab və şüşə qırıntıları atmaq olmaz. Onlar günəş şüasının təsirindən yanğına səbəb ola bilər;
- davamlı yanıq iyi, duman şəkilli tüstü, heyvan və həşəratların narahatlığı və eyni bir istiqamətə təlaşlı hərəkəti meşə yanğınlarının əsas əlamətləridir. Bu əlamətlərin və ya meşədə yanğının şahidi olmuşsunuzsa, dərhal olduğunuz yeri tərk edərək “112” qaynar xəttinə zəng edib yanğın haqqında məlumat verin;
- meşədə yanğın sizi yaxalamışsa, üzünüzü və başınızı üst geyimi ilə örtərək yanğın zonasından kənarlaşın və küləyin istiqamətinin əksinə doğru hərəkət edin;
- yanğın zonasından çıxa bilmirsinizsə, tezalışan materialından olan paltarınızı əyninizdən çıxarın. Yaxınlıqdakı göl, nohur və ya digər su hövzəsinə girin və ya paltarınızı isladın. Üzünüzü çoxqatlı yaş parça sarğısı ilə örtün.
Təhlükə zamanı 112-yə zəng edin!