Burun əməliyyatından sonra komaya düşən Nəzrin vəfat etdi
Burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyat olunan 30 yaşlı Nəzrin Mansurova komadan ayılmayıb və vəfat edib.Panarama.az xəbər verir ki, bu barədə Modern.az-a mərhumun ailəsi məlumat verib. Ailənin sözlərinə görə, əməliyyatdan sonra Nəzrinin vəziyyəti sürətlə pisləşib və beyninə çirk yayılıb.
Xatırladaq ki, yanvarın 3-də cərrah Sənan Mehdiyev tərəfindən keçirilən əməliyyatdan bir gün sonra onun vəziyyəti ağırlaşıb.
Qeyd edək ki, bu, cərrah S.Mehdiyevlə bağlı ilk hadisə deyil. 2015-ci ilin martında həmin həkimin əməliyyat etdiyi 18 yaşlı Leyla Mürsəlova klinikada vəfat etmişdi. Ailəsinin uzun müddət davam edən şikayətlərindən sonra hadisə araşdırıldı və S.Mehdiyev 8 ay 23 gün müddətinə azadlıqdan məhrum edildi. Lakin onun azadlıqdan məhrumetmə cəzası əvvəllər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəzləndi və cəzası çəkilmiş hesab olundu.