65c0f54f4abe6202402244847
Cansız bədəni çaydan tapılan Adilə bu bölgədən imiş, ziyalı ailədə doğulub - YENİ DETALLAR

Xəbər verdiyimiz kimi, Polşada iki aylıq övladı ilə birgə itkin düşən azərbaycanlı qadının meyiti çayda aşkar edilib. İtkin düşmüş soydaşımız Adilə Mehdiyevanın cansız bədəni Oder çayından tapılıb. Cəsəd tanınmaz haldadır və onun mərhuma aid olması yalnız geyimindən müəyyən edilib. Qeyd edək ki, Adilə Mehdiyeva ötən ilin 17 dekabr tarixində iki aylıq övladı ilə birlikdə itkin düşüb. Mərhumun cəsədi tapılsa da, övladının taleyi ilə bağlı məlumat yoxdur.

 

Panarama.az bildirir ki, "Bizimmedia.az" müəmmalı şəkildə dünyasını dəyişən Adilə Mehdiyeva ilə bağlı bəzi təfərrüatları əldə edib. Adilə Mehdiyeva əslən Naxçıvandandır və ziyalı ailədə dünyaya göz açıb.

 

Onu tanıyanlar Adilənin həddinədən artıq mehriban, tərbiyəli və savadlı qız olduğunu bildirirlər. Adilə Mehdiyeva Azərbaycan Dillər Universitetini bitirib.


Daha sonra magistratura təhsili almaq üçün Polşanın Lodz şəhərinə, təhsil alandan sonra isə Vroslav şəhərinə köçüb. Orada yaşayıb və işləyib. Adilə Mehdiyeva polyak dilini zəif bildiyi üçün insanlarla ingilis dilində ünsiyyət qururmuş. Elə həmin şəhərdə beynəlxalq korporasiyada çalışan fransız əri ilə tanış olur və izdivacları baş tutur. Ötən ilin oktyabrında övladları Emil dünyaya gəlir. Məlumatlara görə cütlüyün bərabərliyi uzun sürmür.
 

Dekabrın 17-də 29 yaşlı Adilə Mehdiyeva iki aylıq oğlu ilə yaşadığı mənzilini tərk edib və o vaxtdan telefonu susub.
 

Ailəsi Adilə ilə əlaqə saxlaya bilməyib və o dəqiqə bədbəxt hadisənin baş verdiyini ehtimal ediblər. İddialara görə ölümündən əvvəl Adilə Mehdiyeva depressiv vəziyyətdən əziyyət çəkib. Hətta onun adı Vroslav şəhərindəki reablitasiya mərkəzlərindən birində qeydiyyatda olub.

Onun əri ilə münasibətlərinin heç də yaxşı səviyyədə olmadığı iddia edilir. Hətta qadının ölümündə ərinin rolu ola biləcəyi ilə bağlı da şübhəli məqamların olduğu ehtimal edilir.
 Qızının meyitinin çaydan tapıldığını eşidən atası Nüsrət Mehdiyev olayın hərtəfəli araşdırılması üçün Polşa hüquq mühafizə orqanlarına lazımi məlumatlar və videolar təqdim edib. Bundan əlavə Polşa mətbuatının yazdığına görə qadının ailə vəziyyəti ilə bağlı da müəyyən materiallar var ki, istintaqa təhvil verilib.

 

Polşa mətbuatında çıxan məlumatlara görə qadının övladı ilə birgə intihar etdiyi də deyilir. Amma bu da sadəcə istintaqı aparan müstəntiqlərin təxminidir.
 

Sayt Adilə Mehdiyevaya yaxın ailə ilə əlaqə yaradıb. Bildirilib ki, gənc qadının ailəsi şok içində olduğundan mediaya açıqlama vermək istəmir.

05.02.2024 18:48
4450

(MGID): :
OXŞAR XƏBƏRLƏR