Qidayla daha çox maqnezium qəbulu ayaqlarda periferik arteriyaların daralmasının (PAD) inkişaf riskini azaldır.
Bu barədə Çinin Şandunq Tibb Universitetinin alimləri apardıqları tədqiqatlardan sonra elan ediblər. Araşdırma "PLOS One" jurnalında dərc olunub.
Qeyd edilir ki, PAD - ayaqlara qan axınının azalması ilə nəticələnir və özünü soyuq, mavi dəri, həmçinin hərəkətliliyin pozulması, xoralar şəklində göstərir.
Alimlər 40 və daha yuxarı yaşda olan 6 000-ə yaxın insanda ayaq biləyi-brakial indeksini (ayaqda qan axınının vəziyyətini qiymətləndirməyə imkan verir) sınaqdan keçiriblər. Nəticədə 409 xəstəyə PAD diaqnozu qoyulub.
İştirakçılardan həmçinin son 24 saat ərzində yedikləri bütün qidaları xatırlamaları istənilib. Qeyd edilir ki, bu element buğda kəpəyi, kakao, qoz-fındıq, dəniz yosunu, avokado, kərəviz və brokolidə daha çox olur.
Məlum olub ki, sağlam iştirakçılar gündəlik orta hesabla 288,30 mq, PAD olanlar isə gündəlik orta hesabla 244,89 mq maqnezium qəbul ediblər ki, bu da tövsiyə olunan normadan aşağıdır.
Araşdırma zamanı mikroelement qəbulu (xüsusilə maqnezium) və PAD-ın inkişaf riskinin aşağı olması arasında əlaqə müəyyən olunub. Özü də bu siqaret çəkmə statusundan, milliyyətindən və yanaşı xəstəliklərdən asılı olmayıb.
Alimlər izah edirlər ki, maqnezium damarların genişlənməsinə və arterial qan axınının artmasına kömək edir. O, həmçinin C-reaktiv zülal, şiş nekrozu faktoru-alfa (TNF-α) və interleykin-6 (IL-6) daxil olmaqla, iltihab faktorlarının səviyyəsini azaldır.
Nəhayət, maqnezium qan damarlarının divarlarında kalsiumun çökməsini azaldır.
Bütün bunlar PAD riskini azaltmağa kömək edir.(oxu.az)