Paytaxtda 7 kilosu 36 manata çiyə, yəni xüsusi üsulla emal olunan yağ satılır.
Panarama.az Referans.az-a istinadən xəbər verir ki, satış isə əsasən sosial şəbəkələr üzərindən həyata keçirilir.
“Üstəlik ünvana çatdırılması da pulsuzdur.”
Alıcı qismində zəng etdiyimiz xanım da çəkisi 7 kq olan çiyənin cəmi 36 manata satıqlarını bildirdi. Hətta bizi məhsulun təbii olmasına inandırmağa da çalışdı.
Paytaxtda fəaliyyət göstərən bazarlarda isə satıcılar hazırda mövsümlə əlaqəli olaraq çiyənin satılmadığını deyirlər. Bəzi satıcılar bu ağartı məhsulunun real qiymətinin 15 manatdan başladığını desələr də, 7 kq-nın 30-40 manata satıldığını bildirənlər də var. Elə alıcılarla müsahibə zamanı da ucuz qiymətə qaymaq satışının aparıldığını öyrəndik.
Satıcılar ucuz çiyənin paytaxta bölgələrdən gətirldiyini bildirirlər. Bu səbəbdən də Gəncə bazarındakı vəziyyəti də araşdırmaq qərarına gəldik. Satıcılar təbii qaymağın qiymətinin burada da 15 manatdan yuxarı olduğunu deyirlər.
Qida eksperti Seymur Qafarov “Xəzər Xəbər”ə bildirib ki, hazırda bəzi şəxslərin ağartı məhsullarının tərkibini su və digər maddələrlə qatılaşdırıb istehlakçını aldatma halları müşahidə olunur. Ekspert deyir ki, alıcılar aldanmamaq üçün ilk öncə etiketli məhsul almağa üstünlük verməlidirlər. Bundan əlavə alınan çiyənin məişət üsulu ilə də saxtasından fərqləndirmək mümkündür.
Seymur Qafarov onu da bildirib ki, istehlakçılar bu cür hallarla rastlaşan zaman pərakəndə ticarət mərkəzinin keyfiyyətə nəzarət şöbəsinə və ya aidiyyəti qurumlara məlumat verə bilərlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: