“Dövlət poliklinikasında və ya özəl klinikada uşaqların peyvənd olunması arasında heç bir fərq yoxdur. “Özəldə” vurulan peyvəndin daha keyfiyyətli olması barədə yayılan söz-söhbətlər şaiyədir. Belə məlumatları uydurmaqda marağı olan şəxslər var”.
Panarama.az Sağlamolun.az-a istinadən xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə öz “Facebook” hesabında yazıb.
Həkimin sözlərinə görə, peyvəndlərin vurulmasında yaranan qiymət fərqləri də şişirdilmiş rəqəmlərdir, keyfiyyətə təsir etmir.
Pediatr vətəndaşları bu məsələdə diqqətli olmağa çağırıb:
“Niyə ailə baha da olsa, pul tapıb özəldə peyvənd etdirsin, amma poliklinikada o uşağın adına gələn peyvənd sahibsiz qalsın. Üstəlik, “özəldə “imkan yoxdur” poliklinikada da pisdir” deyib peyvənd etdirməyənlər də var. Belə olduqda ya ailə yersiz yerə maddi itkiyə məruz qalır, ya da uşaq peyvəndsiz”.
A. İsmayılzadə uşaqların erkən yaşlarında peyənd olunmasını onların salamlığında xüsusi rol oynadığını da vurğulayıb:
“Unutmayın ki, peyvəndin vacibliyi onun qoruduğu xəstəliklərin təhlükəsi qədərdir. Peyvəndin keyfiyyəti isə onun qoruyuculuğu ilə ölçülür. Qızılcaynan bağlı yaranan son hadisələr də göstərdi ki, əgər biz buna hazır deyiliksə, əgər bu xəstəlikdən zərər çəkən uşaqlar olacaqsa, hər kəs məsuliyyət daşıyacaq”.