Dubaya gəzməyə gedən iki Azərbaycan vətəndaşı orada qaradərili uşaqla icazəsiz şəkil çəkdirdiyi üçün həbs olunub.
Panarama.az xəbər verir ki, bu barədə həbs olunan şəxslərin dostlarından biri Anews.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, iki aydır dostlardan xəbər ala bilmirlər:
“Dostumuz Cəlilov Emin Bəhman oğlu iki ay öncə üç dostu ilə birgə Dubaya gəzməyə gedib. Elə həmin gün də geri qayıtmalı idilər. Orada ticarət mərkəzlərinin birində qaradərili uşaqla anasından icazə almadan foto çəkdiriblər. Nəticədə uşağın anası şikayətçi olub. Buna görə də gəzməyə gedən iki dostu həbs etmək qərarı verilib. Emin bəyin anası yaşlıdır və övladından xəbər ala bilmir. Aidiyyəti qurumların dəstəyinə ehtiyacımız var”.
Məlumata görə, həmin şəxslər qeyri-etik ifadələr işlədərək qarşı tərəfə “neqr” deyiblər.
Mövzu ilə bağlı Xarici İşlər Nazirliyindən bildirilib ki, bu məsələ Azərbaycanın Dubaydakı Baş konsulluğunun nəzarətindədir. Müvafiq dəstək göstərilir. Əlavə məlumat olacağı təqdirdə açıqlanacaq.
Hüquqşünas Fariz Namazlı qeyd edib ki, azərbaycanlıların həbs olunması Birləşmiş Ərəb Əmirliklərinin qanunları ilə tənzimlənir:
“Bizim oradakı səfirliyimizin məsələyə qarışmaq kimi səlahiyyəti var. Azərbaycanlıların müdafiə olunması üçün tədbirlər həyata keçirə bilər. Onların vəkillə təmin olunmasına dəstək göstərə bilər”.
Vəkil, həmçinin vurğulayıb ki, hər iki ölkə arasında “cinayət törətmiş şəxsin verilməsi haqqında” müqavilə varsa, o müqavilə əsasında vətəndaşların Azərbaycana göndərilməsi təmin oluna bilər.