Ərzaq məhsulları və ət bahalaşacaq - Ekspert
“Azərbaycanda istər ərzaq, istər qeyri-ərzaq məhsulları sürətlə bahalaşır. Yeni ildən də ərzaq məhsullarının, ətin qiymətində bahalaşma müşahidə olunacaq. Hər il yeni ildə ərzaq məhsulları bahalaşır. Artıq indidən bu prosesə başlanılıb. Yeni ildən bu artım bütün məhsulların qiymətində hiss olunacaq”.
Panarama.az bildirir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, qiymət artımı dalğasının mart ayında da müşahidə olunacağı proqnozlaşdırılır. Artıq aprel ayından qiymətlərdə tədricən enmələr müşahidə oluna bilər:
“Azərbaycanda qiymət artımı ölkəmizin idxaldan asılı olmasından qaynaqlanır. Hazırda ərzaq məhsulları ilə özümüzü təmin etmə faizi çox aşağıdır. Rəsmi rəqəmlərə görə, hazırda istifadə etdiyimiz ərzaq məhsullarının 50-55 faizi öz istehsalımızdır. Ancaq real rəqəm təxminən 20-25 faiz civarındadır. Rəsmi rəqəmlərdə göstəricinin belə yüksək olması xammalı xaricdən gətirilən və ölkəmizdə istehsal olunan ərzaq məhsullarının da yerli istehsal kimi qeyd olunması ilə bağlıdır. Düyü və çay məhsullarını, şəkər tozunu buna misal göstərə bilərik. İstehsal etdiyimiz bəzi məhsulların xammalının idxalı xaricdəki qiymət artımının Azərbaycana daha çox təsir etməsini şərtləndirir”.
Ekspertin sözlərinə görə, hətta Şərqi Avropa ölkələri ilə müqayisə edəndə, bəzi hallarda Azərbaycanda qiymətlər daha bahadır:
“Məsələn, kərə yağı, ət məhsulları və digər gündəlik təlabat mallarına baxanda, Azərbaycan qiymətlər bəzi Şərqi Avropa ölkələrindən də yüksəkdir. Amma Avropa ölkələrində orta aylıq əməkhaqqı Azərbaycandan 4 dəfə, orta aylıq təqaüd 3 dəfə yüksəkdir. Yəni bizdə gəlirlər az, qiymətlər isə bahadır”.