64efa9bde973f202308234237
Evdə hazırlanan konservləşdirilmiş qidalarla bağlı xəbərdarlıq...

Konservləşdirmə qidaların uzun müddət saxlanılması üçün istifadə olunan üsullardan biridir. Günümüzdə konservləşdirmə qida mühafizə texnikasından çox, bir yemək növü kimi tanınır.

O da məlumdur ki, belə qidaları düzgün istehlak etmədikdə, istifadə müddəti keçdikdə, qablaşdırmada nasazlıq, şişmə olduqda bunlar insan orqanizmində ciddi problemlər yarada bilir. Bunun üçün də istehlakçılar mütləq ehtiyatlı olmalıdırlar. 

Konservləşdirilmiş qidaların sağlamlıq baxımından hansı fəsadları ola bilər?

Bizim.media-nın mövzu ilə bağlı suallarını cavablandıran qida üzrə ekspert Asim Vəli bildirib ki, belə qidaların hazırlanması əsnasında qidalar çox yüksək temperatura məruz qaldığı üçün onların qida dəyərində ciddi itkilər baş verir:

“Bu səbəbdən də bu cür qidalarla davamlı qidalanmaq sağlamlıq problemlərinə səbəb ola bilər. Digər tərəfdən, onlar hazırlanarkən, satın alınmasından istehlakına qədər bütün mərhələlərdə gigiyena qaydalarına diqqət edilməlidir, çünki həyat üçün vacibdir.

Evdə konservləşdirilmiş qidaların hazırlanması əsnasında lazımi termiki emal tətbiq edilmədikdə təxminən iki qram toksini bütün dünya əhalisini öldürə biləcək gücə malik olan “Clostridium botulinum” adlanan bakteriyalardan qaynaqlanan və ölümlə nəticələnən qida zəhərlənməsi baş verə bilir”.

Onun sözlərinə görə, qida qaynaqlı botulizmin ilkin əlamətləri toksinli qidanın qəbulundan sonrakı 18-36 saat arasında ortaya çıxır:

“Zəhərlənmənin erkən əlamətləri halsızlıq, zəiflik və başgicəllənməsidir. Bulanıq görmə, ikili görmə, ağız quruluğu, danışmaqda və udqunmada çətinlik çəkmə, ürək döyüntüsündə azalma, təzyiq düşməsi, nəfəs alıb-vermədə çətinlik, digər əzələlərin zəifliyi, ağrılı şişmələr, dəridə gözlənilməyən rəng dəyişiklikləri, tərləmə pozuntuları, qarın ağrısı, bulantı, qusma və qəbizlik əsas əlamətlərdəndir.

Zəhərlənmə riskinin qarşısını almaq üçün evdə konservləşdirmə əsnasında lazımi temperaturun tətbiq olunması və konservləşdirilən qidanın istehlak öncəsi ən az 10 dəqiqə qaynadılması lazımdır. Bu əməliyyat ciddi qida dəyəri itkisinə səbəb olur. Digər tərəfdən, termiki emalın şərtlərinin yerinə yetirilməməsi də qida zəhərlənməsi ilə nəticələnir”.

Ekspert bildirib ki, belə qidaların qablaşdırmasının qapağına da diqqət yetirmək lazımdır:

“Qapaqda şişmələr varsa, əsla istehlak edilməməlidir. Qapaqdan sızma nəticəsində bu qidalarda kiflənmə varsa, qəti olaraq dadına da baxmaq olmaz. Qapağı açıldıqdan sonra rəngində və qoxusunda dəyişiklik varsa, o qida istehlak edilməməlidir.

Qidanın hazırlanmasında paslı, ya da paslana biləcək vasitələrdən hazırlanmış qapaqlar istifadə olunmamalı, bunun əvəzinə istiliyə dayanıqlı şüşə qablar və paslanmaz qapaqlar istifadə olunmalıdır. İstifadədən əvvəl mütləq şüşə bankalar 15-20 dəqiqə qaynadılmalıdır”.

Ekspert mütləq yeni qapaqdan istifadənin vacib olduğunu vurğulayıb:

“Sözügedən məhsulların istehlakından sonrakı 12-72 saatda başlayan bulantı, qusma, qarın ağrısı, ishal, bulanıq görmə, ikili görmə, əzələ zəifliyi, tənəffüs sıxıntısı kimi hallarda mütləq ən yaxın tibb məntəqəsinə müraciət edilməli və həkimə vəziyyət anladılarkən konservləşdirilmiş qida istehlak edildiyi bildirilməlidir.

Məhsulun istehsalında tətbiq olunan yüksək termiki emal və bəhsi keçən risklər diqqətdə saxlanılmalı və konservləşdirilmiş qidanın bir yemək çeşidi olmadığı unudulmamalıdır. Qidaları konservləşdirmək əvəzinə, donduraraq mühafizə etmək həm qida dəyəri, həm də botulizm riski baxımından daha məqsədəuyğundur”./saglamolun.az

31.08.2023 00:40
218

(MGID): :
OXŞAR XƏBƏRLƏR