66dc50edec00f202409241109
Evinizdə qeydiyyatda olanlar oradan pay ala bilər??

Əksər vətəndaşlar hətta ən yaxın qohumlarının belə özlərinə aid yaşayış sahələrində qeydiyyata düşməsindən ehtiyat edir. Hesab edilir ki, qeydiyyatda olmaq onlara həmin evdən pay əldə etmək hüququ verə bilər. Xüsusilə də gələcəkdə evin satılması və digər proseslər zamanı problemə yol açacağından ehtiyat olunur.

Bəs, doğrudanmı yaşayış sahəsində qeydiyyatda olmaqla oradan pay almaq mümkündür?

“Qafqazinfo” xəbər verir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna  görə, Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Şəxsin yaşayış yeri dedikdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud digər qanuni əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana və digər bu kimi yerlər başa düşülür. Şəxsin olduğu yer isə onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi və digər belə ictimai yerləri, habelə yaşayış binasını (özünün, qohumunun, tanışının və b.) nəzərdə tutur. 

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycanda yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. 

Həmçinin şəxsin yaşayış sahəsində qeydiyyatda olması da ona yaşayış sahəsindən istifadə etmək hüququ vermir. 

Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 

Sözügedən hüquqa xitam verilməsinə gəlincə, tərəflər arasında razılaşma olmadıqda bu, mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə qarşı tərəfə müvafiq kompensasiya verməsi yolu ilə mümkündür. Konstitusiya Məhkəməsinin müvafiq Qərarına görə, kompensasiyanın məbləği istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamağa imkan verməlidir. 

Həmçinin Mülki Məcəllənin 228.5-ci maddəsinə görə, mülkiyyətçi ilə bərabər, onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) həmin yaşayış sahəsindən istifadə etmək hüququna malikdirlər. İstifadə hüququ həmin şəxslərin mülkiyyətçi ilə ailə münasibətlərinə son verildiyi halda da saxlanılır. 

Lakin 2009-cü il oktyabrın 1-dən qüvvəyə minən Mənzil Məcəlləsinin 30.4-cı maddəsində bildirilir ki,  yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, onların arasında ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Qərarı ilə ailə üzvünün yaşayış sahəsindən istifadə hüququ 2009-cü il oktyabrın 1-dək yaranıbsa, Mülki Məcəllədə əks olunan müddəa, bu tarixdən sonraya təsadüf edən hüquqla bağlı isə Mənzil Məcəlləsinin müvafiq  maddəsi əsasdır.

Yəni keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququ 2009-cu il oktyabrın 1-dən sonra yaranıbsa, ona xitam vermək üçün mülkiyyətçi həmin şəxsə kompensasiya ödəməli olmur.


07.09.2024 17:10
194

(MGID): :
OXŞAR XƏBƏRLƏR