64e9fe202d299202308232904
Fazil Mustafadan Naxçıvanla bağlı sensasion fikirlər: “Həm Ali Məclis, həm Nazirlər Kabineti...."

“Biz Naxçıvan problemini beynəlxalq aləmə çatdıra bilməmişik. Bu prosesdən istifadə edərək Zəngəzur dəhlizindən keçməklə Naxçıvana gediş-gəlişimizlə bağlı təbliğatımızı qura bilmədik. Biz oraya yük maşınlarını yığaraq, “Naxçıvana getməyə yol ver”, deyə ermənilərin Laçın yolu ilə bağlı səsləndirdiyi şüarı başqa formada, Azərbaycan dilində təkrarlayaraq, ingilis dilinə tərcümə edərək gündəmə gətirməliydik, dünyaya çatdırmalıydıq. Biz bu məsələdə bir az ləngidik, boşluqlar buraxdıq”. Bu sözləri  müsahibəsində Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa söyləyib.

 

Panarama.az bildirir ki, Partiya sədri Naxçıvanda baş verən son hadisələrə, habelə muxtar respublikanın həllini tapmasını gözləyən problemlərinə toxunub.

 

Millət vəkili düşünür ki, Naxçıvanla bağlı daxildə müəyyən məsələlərin həllini gecikdiririk:

 

“Xüsusilə də idarəetmə ilə bağlı bir konkretləşməyə ehtiyac var. Naxçıvanda faktiki olaraq hansı vəzifəli şəxsin hansı səlahiyyətə malik olması müəmmaya çevrilib. Bunu sürətlə həll etmək lazımdır ki, əhalinin problemləri ilə konkret səlahiyyətə və imkana malik olan qurumlar məşğul ola bilsinlər”.

 

Deputatı əlavə edib ki, Naxçıvanla bağlı ən vacib məsələlərdən biri qaz və işıq tariflərinə yenidən baxılmasıdır:

 

“Bu tarifləri aşağı salmaq lazımdır. Çünki işsizlik ciddi bir problem kimi qalmaqdadır. Naxçıvanda iş həyatını canlandırmaq çox çətindir. O baxımdan da ki, yol yoxdur. Yol olandan sonra rahatdır. Pivə istehsal etdin, harasa çıxarıb, satdın, bazarda rəqabət-filan məsələlərdə çətinlik var. Tekstil, yaxud ərzaq, kənd təsərrüfatı məhsulları... Yəni heç olmasa hansısa yerə çıxış imkanı olanda bunları edə bilirsən, insanlar bir az dirçələ bilər”.

 

BQP sədri hesab edir ki, konkret olaraq iş adamları ora gedib investisiya qoysalar, bazar, yol olmayandan sonra bunu inkişaf etdirmək mümkün deyil və heç kim də buna maraq göstərməyəcək:

 

“Ona görə də son vaxtlar işsizlik xeyli artıb və insanlar bundan ciddi əziyyət çəkirlər, kommunal xərcləri belə ödəyə bilmirlər. Odur ki, ilk növbədə, hökumət Naxçıvandakı tariflərə yenidən baxmalıdır, işıqla, qazla bağlı tariflər aşağı salınmalıdır. Biz elə bil ki, blokada olan bir bölgəmizə diqqət yetiririk. Həmçinin təyyarə biletlərinin qiymətinə də baxılmalıdır. Bu məsələ olduqca vacibdir, çünki insanların sıxıntıları çox böyükdür”.

 

“Burada, birinci növbədə, idarəetmənin sadələşdirilməsi variantına getməliyik və konkret məsuliyyət daşıyan idarəetmə mexanizmini qurmalıyıq. Çünki həm Ali Məclis, həm Nazirlər Kabineti, həm Prezidentin səlahiyyətli nümayəndəsi, həm nazirliklər var. Baş açmaq olmur, kim hara tabedir, kim haradan idarə olunur? Bu idarəetmə xaosunu mütləq aradan götürmək lazımdır”, – deyə F. Mustafa söyləyib.(pravda.az)

26.08.2023 17:27
153

(MGID): :
OXŞAR XƏBƏRLƏR