683ec84355921202506250243

Gəncədə qohumlar arasında KÜTLƏVİ DAVA - Xəsarət alanların durumu açıqlandı

03 İyun 2025
529

İyunun 3-də saat 02:40-da müxtəlif bədən xəsarətləri almış altı nəfər (dörd kişi, iki qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrinə hospitalizasiya olunub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a bildirilib ki, onlardan dörd nəfərinə Akademik Z.Məmmədov adına xəstəxanada, iki nəfərinə isə Abbas Səhhət adına xəstəxananın müvafiq şöbələrində zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş hesab olunan beş nəfər ambulator müayinə üçün evə buraxılıb.

Hazırda 1980-ci il təvəllüdlü şəxsin (kişi) müalicəsi isə Akademik Z.Məmmədov adına xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır.


09:44

Gəncə şəhərində qohumlar arasında baş verən insidentdə Göygöl sakini Ə.Alışanov kəsici alət xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Panarama.az bildirir ki, bununla bağlı Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxs - 59 yaşlı Zakir Sadıqov saxlanılıb. Faktla bağlı Gəncə Baş Polis İdarəsində cinayət işi başlanıb.

Hazırda hadisənin motivləri və digər halların müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.


08:32

Gəncədə qohumlar arasında mübahisə baş verib, yaralananlar var.

Panarama.az "Qafqazinfo"a istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Belə ki, mübahisə zəminində 1980-ci il təvəllüdlü Əli Alışanov bıçaqlanıb, daha sonra isə balta ilə xəsarət alıb.

Onun həyat yoldaşı Aynur Alışanova və 25 yaşlı oğlu Alim Alışanov isə döyülərək bədən xəsarətləri alıblar.

İlkin məlumata görə, onlar qudaları ilə aralarında yaranmış mübahisə zəminində yaralanıblar. 45 yaşlı Ə.Alışanovun vəziyyəti ağır qiymətləndirilir.

Həmçinin, mübahisə zamanı qarşı tərəfdən 1966-cı il təvəllüdlü Zakir Sadıqov və onun oğlu 1999-cu il təvəllüdlü Elşən Sadıqov da xəsarət alıblar.

Faktla bağlı araşdırma başlanılıb.