64da2e4e2c36a202308233822
Hamilə qadınlar üçün VACİB MƏSLƏHƏT - İlk gündən...

"Dünyada çox sayda elmi araşdırmalar aparılmasına və bunun davam edilməsinə baxmayaraq, hamiləlikdə hipertenziv vəziyyətlərin yaranma səbəbini izah edən yekun bir nəzəriyyə mövcud deyil. Lakin bir sıra risk faktorları var ki, bunların vaxtında aşkarlanması və lazımi profilaktik tədbirlərin aparılması sözügedən ağırlaşmaların qarşısını almağa kömək edir".

Panarama.az  BAKU.WS-ə istinadən  xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun şöbə müdiri Zinyət Muradova bildirib. 

O əlavə edib ki, bu risk faktorlarına anamnezində preeklampsiya olan qadınlar, 18 yaşdan aşağı və 35 yaşdan yuxarı olan hamilə xanımlar, piylənmədən əziyyət çəkənlər, yaxın qohumlarında preeklampsiya olanlar, çoxdöllü hamiləlik keçirənlər, bəzi ekstragenital xəstəlikləri olanlar (ürək-damar sistemi xəstəlikləri, böyrək xəstəlikləri, hipertoniya, şəkərli diabet) aiddir:

"Vaxtından əvvəl doğuşlar risk qruplarına görə dörd əsas yerə bölünür. Birincisi, sosial faktordur. Sosial faktora 18-dən az və 35-dən çox yaş qrupuna daxil olan, aşağı boy və çəki göstəriciləri olan, bədən çəkisinin aşağı indeksi yəni kifayət qədər qidalanmayan, zərərli vərdişləri olan hamilələr aiddir.

Preeklampsiya, ciftin vaxtından əvvəl ayrılması, dölyanı mayenin vaxtından əvvəl axması, çoxsululuq, çoxdöllü hamiləlik kimi hallar mamalıq patologiyaları olan qadınların aid olduğu faktordur. Ekstragenital patologiyaları olan qadınların aid olduğu qrup vardır ki, buraya da ürək-damar, tənəffüs və sidik-ifrazat sistemi tərəfindən baş verən patologiyalar, endokrinoloji problemlərin yaratdığı patologiyaları olan hamilələr aiddir. Sonuncu anatomik faktora isə uşaqlıq boynu çatışmazlığı, ikibuynuzlu, yəhərvari uşaqlıq, istmiko-servikal çatışmazlıq kimi patologiyaları olan hamilələr aiddir".

Həkim həmçinin deyib ki, hamiləlik zamanı baş verə biləcək ağırlaşmaların qarşısını almağın yeganə yolu antenatal (hamiləlik dövrü) dövrdə həkim nəzarətində olmaqdır:

"Hamiləliyi planlayan və hamilə olan qadınlara demək istərdim ki, hamilə olduqlarını öyrəndikləri ilk gündən yaşadıqları ərazi üzrə qadın məsləhətxanasına müraciət etsinlər. Çünki bu halda həkim tərəfindən risk qrupları təyin edilir, lazımi profilaktik tədbirlər görülür.
Vaxtından əvvəl doğuş təhlükəsi olan hər bir qadın zaman itirmədən həkimə müraciət edərsə, bu kimi ağırlaşmaların qarşısını zamanında almaq mümkündür".

14.08.2023 17:35
202

(MGID): :
OXŞAR XƏBƏRLƏR