Bəzən vətəndaşlar müxtəlif səbəblərdən hərbi biletini itirə, yaxud sənədin fiziki görünüşünə və ya məlumatlarına zərər yetirə bilərlər. Bu, istər sənədin yanlış saxlanılmasından, istər daşınma zamanı zədələnməsindən, istərsə də fövqəladə hallardan baş verə bilər. Hərbi bilet isə mühüm sənəd olduğundan onun itirilməsi və ya korlanması ciddi problemlərə yol aça bilər. Belə hallarda vətəndaşın yenidən sənəd əldə etməsi üçün müəyyən prosedurları keçməsi tələb olunur.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Metbuat.az-a açıqlamasında bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 607-ci maddəsinə əsasən çağırışçılar və hərbi vəzifəlilər hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanılmasına və ya itirilməsinə görə xəbərdarlıq edilir və ya 200 manat məbləğində cərimə edilir.
O qeyd edib ki, bunun üçün vətəndaş DİN-in müvafiq qurumlarından hərbi biletin tapılmamasına dair arayış, şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti, 3x4 ölçüdə 2 ədəd fotoşəkil ilə birlikdə hərbi qeydiyyatda olduğu SHXÇDX-in struktur qurumuna yaxınlaşmalıdır.