64de1e1e8abe3202308231822
HİDRONEFROZ – Böyrəkdə genişlənmə...

Bu məqalədə hidronefrozun yaratdığı problemlər və müasir müalicə metodları haqqında söhbət açırıq. Hidronefroz

Hidronefroz nədir ? Hidronefroz – sidik axarı keçiriciliyin hər hansı bir səbəbdən pozulması nəticəsində böyrək ləyəni və kasacıqlarının proqressiv genişlənməsi ilə müşahidə olunan, vaxtında müdaxilə edilmədikdə böyrəyin məhvinə səbəb olan xəstəlikdir. Hidronefroza həmçinin böyrəyin hidronefrotik transformasiyası da deyilir. Ureterohidronefroz dedikdə isə, böyrəyin kasa – ləyən sistemi ilə yanaşı sidik axarının da genişlənməsi başa düşülür. Hidronefroza 20 – 60 yaş arasında qadınlarda daha çox, 60 yaşdan yuxarı isə kişilərdə daha çox rast gəlinir.

 

Diaqnoz: Hidronefroz

Hidronefroz – səssiz ölüm adlanan xəstəliklərdəndir. Əksəriyyətimiz ağrı ilə müşahidə olunmayan xəstəliklərə laqeyid yanaşırıq. Əgər heç bir ağrı, sancı olmadan təsadüfi müayinə zamanı sizə desələr ki, sizin böyrəyinizdə genişlənmə var, yeqin əksəriyyətiniz onu  ciddi qəbul etməzsiniz. Çünki, düşünərsiz ki, ciddi bir şey olsaydı ağrı verərdi. Əlbəttə ki, mən də sizin kimi düşünərdim, əgər hidronefroz haqqında məlumatsız olsaydım. Hidronefroz hətta iki tərəfli olsa belə ağrısız keçə bilir və böyrək funksiyasının itirilməsinə qədər gətirir. Böyrək funksiyasının itirilməsi dedikdə böyrək çatışmazlığı başa düşülür.

Hidronefroz

Hidronefrozun səbəbi ola bilər ki, sidik axarının daralması olsun, xaricdən sıxılması, sidik axarında daş, böyrək sallanması olsun. Xaricdən sidik axarını sıxan və ən çox aşkarlanan səbəb böyrəyin aşağı qütbünə gedən əlavə damardır. Lakin hidronefrozun daha ciddi səbəbləri ola bilir, bunlara böyrək, sidik kisə, bağırsaq, uşaqlıq, qarın boşluğu və çanaq orqanlarından inkişaf edən şişlər və peritonarxası sahənin şişləri, peritonarxası fibroz yaxud Ormondo xəstəliyi, böyümüş limfa düyünü və. s ola bilir.

Hidronefrozun səbəbləri təkcə sidik axarı yox, böyrək ləyənindən başlayaraq sidik kanalının xarici dəliyinə qədər hər hansı səviyyədə sidik ifrazını ləngidən səbəblər ola bilər. Məsələn prostat adenoması, prostat xərçəngi, sidik kanalı daralmaları və . s

Hidronefroz – əlamətləri

Hidronefroz çox ləng inkişaf edən xəstəlikdir. Yalnız hidronefrozun özünə xas olan əlaməti yoxdur.  Başlanğıc mərhələdə ümumiyyətlə əlamətsiz keçir, sonradan isə böyrək nahiyəsində ağrı, diskomfort yaranır, iltihabı proses qoşulduqda ağrı kəskinləşir, bədən temperaturu və arterial təzyiq yüksəlir, ümumi halsızlıq, tez yorulma olur. Uşaqlarda olduqda onlar boy inkişafından geri qala bilir. Bir sıra hallarda sidikdə qan da müşahidə edilir, xüsusən fiziki işdən sonra. Hidronefrozlu xəstələr qarnı üstə yatmağa üstünlük verirlər. Çünki, belə yatmaq sidiyin böyrəkdə ləngiməsinə səbəb olan faktorların təsirini azaltdığı üçün bel hissədə ağrı və diskomfortu da azalır.

 Xəstələrdən çox tez – tez eşitdiklərimiz

” Periodik olaraq sağ böyrəyimdə bir neçə vaxtdır ağrılar olurdu. Poliklinikada USM – dən keçdim, dedilər ki, sağ böyrəyiniz genişlənib”

“Ümumiyyətlə heç bir yerim ağrımırdı, iş yerindən müayinəyə göndərdilər. Müayinə nəticəsində mənə sol böyrəkdə hidronefroz diaqnozu qoyuldu”

“Belimdə ağrılar olurdu, ciddi əhəmiyyət vermirdim. Özümü soyuğa verdim, axşam ağrılar gücləndi. Təcili tibbi yardım çağırdım, xəstəxanada usm keçəndə sağ böyrəyimdə genişlənmə olduğu mənə bildirildi. Dedilər böyrəkdə daş yoxdur. Sizin diaqnozunuz sağtərəfli hidronefrozdur”

” Başım çox güclü ağrıyırdı, ürəkbulanma və halsızlığım da vardı. Baş ağrıları ilə əlaqədar nevropatoloqa müraciət etdim. O məni müayinə etdi, təzyiqimi ölçdü və mənə dedi ki, böyrəkləri yoxlatdırmaq lazımdır. Məni usm müayinəsinə göndərdi. USM – də sol böyrəyimdə kista, sağ böyrəyimdə isə 3 – cü dərəcə hidronefroz aşkarlandığı üçün məni uroloqa, sizin yanınıza göndərdilər”

Hidronefroz  –xəstələri məyus edən diaqnoz

Xəstənin kəskin şikayəti olmadığı halda birdən birə tam sağlam insana deyirsən ki, sənin böyrəklərin xəstədir. Bu onun üçun aydın günəşli bir havada tufan və ildırım çaxmasına bənzəyir. Ən pisi isə odur ki, hidronefroz 3 – cü dərəcədə, yəni sonuncu mərhələdə aşkarlanır. Belə olduqda heç də yaxşı olmayan xəbəri xəstəyə yaxud onun yaxınlarına demək məcburiyyətində qalırıq – sizin böyrəyiniz əməliyyat olunaraq götürülməlidir. Bu sözləri xəstəyə demək həkim üçün də çox ağırdır, xüsusən də xəstə uşaq yaxud cavan insan olduqda. Bu halda xəstə və onun yaxınları hansı hissləri keçirdir hətta təsəvvür etmək çətindir, nəinki o hissləri yaşamaq.

Çox qəribə xəstəlikdir, deyilmi ? Heç bir ağrı yox, narahatlıq yox. Həkim USM-nin nəticəsini görən kimi, bir qədər fikrə gedir və sizə kompleks müayinə olunmaq məsləhətdir deyir. Hələ çox qəribə adları olan müayinələri sadalayır: ekskretor uroqrafiya, kontrastlı kt müayinəsi, nefrostintiqrafiya və bir sıra analizlər. Beləliklə özünü tam sağlam və xoşbəxt hiss edən pasient qəfildən günün birində hidronefroz diaqnozlu xəstəyə çevrilir.

Mən niyə əməliyyat olunmalıyam ? – əgər heç yerim ağrımırsa. Haqlı sualdır, deyilmi ?

Məhz buradan da banal inamsızlıq və anlaşılmazlıq yaranır… Mən niyə əməliyyat olunmalıyam, əgər mənim heç yerim ağrımırsa ? Digər bir tərəfdən də xəstəyə heç tanış gəlmiyən hidronefroz termini.

hidronefroz nedir mualicesi bakıda

Hidro – su, nefros – böyrək deməkdir. Gəl indi bunu xəstəyə anlat görüm necə anlatırsan ? Böyrəyin sulaşmasımı, yaxud suyun böyrəkləşməsimi? Əlbəttə ki, bu bir hərfi tərcümədir. Hidronefroz zamanı sadəcə olaraq böyrək genişlənir və sidiklə dolu kisə şəklini alır. Həkim xəstəni həyəcanlandırmadan, qorxutmadan, səbrlə, təmkinlə onun xəstəliyi haqqında tam məlumatlandırmağı bacarmalıdır. Əgər o bunu bacarmırsa, deməli özü də bu xəstəliyi tam öyrənməyib. Bildiyimiz kimi böyrək iki hissədən ibarətdir.

  1. böyrəyin ətli hissəsi – parenxima adlanır
  2. sidiyin toplandığı boşluqlu hissə isə kasa – ləyən sistemi adlanır.

Parenximada ( ətli hissədə ) sidik hazırlanır, daha sonra toplanır böyrək kasacıqlarına və ləyənə. Böyrək ləyəninin həcmi normada təqribən 4 – 6 ml – dir. Ləyəndə bu həcmdə sidik yığılan kimi sidik axarına, oradan da sidik kisəsinə tökülür. Əğər böyrək ləyəninin sidik axarına açılan yerində daralma olarsa, ləyəndəki sidik sidik axarına və oradan da sidik kisəyə boşala bilmir, ləngiyir qalır böyrək ləyənində. Beləliklə də böyrək ləyəni genişlənir, başqa sözlə desək hidronefroz yaranır.

Hamiləliklə əlaqədar yaranan hidronefroz

” Hamiləliklə əlaqədar yaranan hidronefroz ” və ” hidronefrozlu xəstədə hamiləlik ” anlayışlarını qarışdırmaq olmaz. Hamiləliklə əlaqədar yaranan hidronefroz fizioloji haldır, müvəqqətidir,  doğuşdan sonra özbaşına keçir.

Ana bətnində döl böyüdükcə sidik axarları daha çox sıxılır, digər tərəfdən isə hamilə qadının bədənində progesteron adlanan hormonun miqdarı kəskin artdığı üçün sidik axarlarının yığılma qabiliyyəti zəifləyir. Bu iki faktorun təsirindən hamiləlik zamanı böyrək ləyənindəki sidiyin drenajı ( evakuasiyası ) pozulur. Bu isə müvafiq tərəfdə böyrəkdə genişlənmə yaradır. Daha çox genişlənmə sağ böyrəkdə aşkarlanır, ona görə də hamiləlik zamanı böyrəklə əlaqədar yaranan narahatlıqların 60 – 80 % – i sağ böyrəklə əlaqədar olur. Bu sağ sidik axarının anatomik mövqeyi ilə əlaqədardır. Döl ana bətnində böyüdükcə sağ sidik axarı daha çıx sıxılır.  Hamiləliyin 4 – 5-ci həftəsindən başlayaraq qanda progesteronlar kəskin artdığından sidik axarlarının yığılma xüsusiyyəti zəifləyir. Dölün sidik axarlarına kompressiyası isə II və III trimestrdə daha çox olur.

 

Hamiləlik zamanı diz – dirsək vəziyyəti və onun faydaları

Bir çox hallarda hamilə pasientlərimə diz – dirsək vəziyyətini tövsiyyə edirəm. Bunun üçün hamilə qadın gün ərzində bir neçə dəfə, hər dəfə 4 – 5 dəqiqə diz – dirsək vəziyyətində qalır. Zərurət olduqda o bunu hər gün, hamiləliyin axırına qədər təkrarlayır. Ama bütün hamilələrdə bunu etməyə zərurət olmur, yaxud bəzilərində bu faydasız işdir. Çünki, bəzən hidronefroz elə vəziyyətdə olur ki, sidik axarına təcili stent qoymaq lazım gəlir. Bütün bunları həkim uroloq təyin edir. Diz – dirsək vəziyyəti dedikdə dizlərini və dirsəklərini yerə qoymuş vəziyyət nəzərdə tutulur. Lakin çalışmaq lazımdır ki, çanaq hissə çiyinlərdən yuxarıda olsun. Bu halda qarın aşağıya sallanmış vəziyyətdə olur, əzələlə gərginliyi, uşaqlığın tonusu azalır, həmçinin bu vəziyyətdə dölün sidik axarlarına olan kompressiyası ( təzyiqi ) azalır, böyrəkdəki sidik axarla kisəyə rahat axır. Digər tərəfdən də dölün bağırsaqlara, sidik kisəyə, çanaq hissədən keçən magistral damarlara təzyiqi azalır ki, bu da əksər qadınlarda hamiləlik zamanı ayaqlarda şişkinliyin ( ödemin ), varikoz damar genişlənməsinin, hemorroy və sistitin profilaktikası hesab oluna bilər.  

Hidronefrozun nəticəsi nə ola bilər ?

Ağırlaşmaları

Məlum oldu ki, böyrəkdə genişlənmə var, – nə olsun ki ? Xəstənin heç yeri ağrımır, özünü çox yaxşı hss edir. İlk baxışdan məntiqsiz görünür belə halda qadına desək ki, hamilə qalmayın ! – sizdə hidronefroz var. Siz əməliyyat olunmalısınız, yalnız əməliyyatdan sonra hamilə qala və uşaq doğa bilərsiz. Əlbəttə ki, burada ilk baxışdan xəstə həkimi ciddi qəbul etmiyə bilir. Çünki o özünü çox yaxşı hiss edir. Hidronefroz zamanı böyrək ləyənində genişlənmə o qədər zəif sürətlə inkişaf edir ki, xəstə onu hiss etmir. Böyrək ləyənində sidik toplandıqca orada təzyiq artır. Belə olduğu halda orqanizim sidik hazırlanma prosesini məntiqi şəkildə tormozlayır. Əgər hazırlanmış sidik böyrək ləyənində toplanıb qalırsa və daxildən böyrəyin özünə təzyiq edirsə niyə görə sidik hazırlanma prosesi davam etməlidir ?

Yəqin ki bu fikirlə siz də razısız

Məntiqlə fikirləşsək əvvəlcə hazırlanmış sidik böyrəkdən uzaqlaşdırılmalı, sonra sidiyin hazırlanması davam etdirilməlidir. Böyrək ləyənində sidik toplanıb qaldıqca orada təzyiq artır. Nəticədə böyrək daxilindəki kiçik damarlar sıxılır və qan dövranı pozulur. Zaman keçdikcə böyrək öz funksiyasını itirir və içərisi sidiklə dolu bir kisəyə çevrilir. Belə böyrək iltihablaşdıqda onu xilas etmək çox çətin olur yaxud da olmur. Çünki qan dövranı pozulmuş böyrəkdir, yeridilən antibiotiklər ora gedib çatmır, immunitet mexanizmləri orada işləmir və irinli prosesə şərait var. Ona görə də əksər hallarda təcili əməliyyat tələb edir və böyrək çıxardılır. Hidronefrozlu böyrək çox tez – tez iltihablaşır. Böyrəyin iltihabına pielonefrit deyilir. Bədən temperaturu, arterial təzyiq yüksəlir, bel nahiyyəsində ağrı güclənir, xəstədə sidik ifrazı tezləşir, hər dəfə çıxan sidiyin miqdarı azalır, xəstənin üzündə, gözaltı nahiyyələrdə ödem ( şişkinlik ) yaranır.

Hidronefrozlu böyrəkdə çox tez – tez daş aşkarlanır. Bunun da səbəbi sidiyin böyrəkdə uzunmüddətli ləngiməsi, həm də çox tez – tez infeksiyalaşması nəticəsində çöküntü verməsidir.

 

Digər bir ciddi ağırlaşma yüksək arterial təzyiqdir. Hidronefroza vaxtında müdaxilə edilmədikdə gec ya tez böyrək atrofikləşir, funksiyasını itirir. Atrofiyalaşmış böyrək qana bir sıra təzyiq artırıcı maddələr ifraz edir ki, nəticədə xəstənin təzyiqi yüksəlir və dərman müalicəsinə tabe olmayan xarakter alır. Bir çox hallarda bu hətta beyində qansızmaya ( insulta ) səbəb olur. Ona görə də böyrəklə əlaqədar yüksək təzyiqə “bədxassəli” təzyiq də deyilir. Bax belə xüsusiyyətlərinə görə də böyrəkdəki genişlənmə vaxtında düzgün diaqnostika və müdaxilə tələb edir. Bütün bunları yazmaqda məqsədim həm də odur ki, savadsız pasientlərin genişlənmiş böyrəyə laqeyd münasibətinin səbəbi bəzən ” savadlı “həkimlər olur. Bir çox hallarda qeyri – peşəkarlıq üzündən xəstəni arxayın edirlər ki, ciddi bir şey yoxdur, narahat olmayın. Bir ildən sonra o xəstə təkrar müayinəyə gəldikdə ya böyrək funksiyasını ciddi itirmiş olur yaxud tamamilə çıxarılmalı vəziyyətdə olur. Xəstəni qorxutmaq, həyəcanlandırmaq yox, xəstəliyin ciddiliyini xəstəyə və yaxınlarına anlatmaq çox vacibdir. Bunun üçün xəstəlyi ciddiliyi ilə öyrənmək lazımdır.  

Hidronefroz – arterial hipertoniya, pielonefrit və böyrəyin məhvinə aparan yoldur

        – Həkim, mənim sağ böyrəyimdə hidronefroz tapılıb. Sizi məsləhət gördülər ki, baxasız. Dedilər böyrək çıxarılmalıdır. Hamilə qalmağıma da icazə vermədilər. Mən həmişə sağlam olmuşam, idmanla məşğul olmuşam, pis vərdişlərim olmayib…

Qarşımda danışdıqca gözləri yaşaran cavan bir qız oturub. Yenicə ailə həyatı qurub. Qadın məsləhətxanasında müayinə olunarkən sağ böyrəyində hidronefroz aşkarlanıb və onu bərk qorxudublar. Deyiblər sənə hamilə qalmaq olmaz. Mənə müraciət edənə qadər kontrastlı KT müayinədən də keçib, müayinənin nəticəsini də diskə yazıb veriblər xəstənin özünə.

Mən pasientlə söhbət edə – edə diski komputerə qoydum. Disk yükləndi və ilkin baxışdan bəli, böyrək funksiya göstərən böyrəyə oxşamır, 3 – cü dərəcə hidronefroz.  3D rejimdə baxanda böyrəyin aşağı qütbünə gedən və sidik axarını kompressiya edən damar aydın görünür. Pasient isə hər bir cəhdlə məni sövq edir ki, hansısa bir alternativ müalicə vasitəsindən istifadə edək, böyrəyi çıxartmıyaq. Sizin sağ böyrəyiniz işləmir, o çıxarılmalıdır dedikdə, sanki hər bir suala əvvəlcədən cavab hazırlaşmış kimi, – ikitərəfli hidronefrozla gəlsəydim hər iki böyrəyimi çıxarmalıydınız ? – deyə xəstə soruşdu. Sual gözlənilməz olsa da maraqlı idi.

Nəzərə alsaq ki, hətta ən müasir müayinə vasitələri belə böyrəyin funksional rezervini 100 % hesablaya bilmir və həm də böyrəyin aşağı qütbünə gedən əlavə damarın sidik axarına kompressiyası və böyrək ləyəninin sidiklə dolu olmasını nəzərə alıb pasientə belə bir təklif etdim. Mən də istəməzdim sizin böyrəyinizi çıxardım. Sizin böyrəyinizə bel nahiyyədən yerli keyitmə altında drenaj – trubka ( nefrostoma ) qoyaq. Bir ay gözləyək, böyrək toxuması dincəlsin, rezerv imkanları üzə çıxsın, sonra baxaq. Əgər azacıq da olsa böyrək funksiya göstərərsə, sidik hazırlayarsa böyrəyi saxlamaq şərtilə sizi laparoskopik əməliyyat edib sidik axarındakı daralmanı ləğv edərik.

Hidronefrozun dərəcələri

Hidronefrozun inkişafında 3 mərhələ ( dərəcə ) ayırd edilir.

  1. I dərəcədə yalnız böyrək ləyəni genişlənir. Əməliyyat olunmaqla böyrəyi tam xilas etmək olur.
  2. II dərəcədə böyrək ləyəni ilə yanaşı kasacıqlar da genişlənir. Həmçinin böyrək parenximasında minimal nazikləşmə yaranır. Əməliyyat olunmaqla hidronefrozun səbəbi aradan qaldırılır. Böyrək qismən xilas olur.
  3. III dərəcə hidronefrozun inkişafında finişdir. Bu mərhələdə böyrək ləyəni və kasacıqları maksimal genişlənir, böyrək parenximası isə nazikləşir, böyrək kisəni xatırladır. Belə böyrək funksiya göstərmir və nefrektomiyaya göstərişdir. Nefrektomiya böyrəyin götürülməsi əməliyyatıdır.

 

Hidronefrozlu xəstənin müayinəsi

Diaqnostika

Hidronefrozun olmasına həta çox kiçik şübhə oluduqda belə bütün imkanlardan istifadə edib qısa müddətdə onun səbəbini, dərəcəsini müəyyənləşdirmək vacibdir. Bununla da dəqiqləşdirmək vacibdir ki, böyrək funksiya göstərir ya yox ? Onu xilas etmək olarmı ? yaxud artıq gecdir, götürülməlidir. Bütün bu suallara cavab tapmaq üçün xəstəni ətraflı müayinə etmək lazımdır. Əgər məlum olsa ki, funksiya göstərmir, tez-tez infeksiyalaşır, yüksək təzyiq verir, deməli bu böyrək çıxarılmalıdır. Bu böyrəyin orqanizmdə qalmağı çox ziyandır nəinki getməyi. Əgər məlum olsa ki, az da olsa funksiyası saxlanılıb, deməli biz bütün mümkün olan imkanlardan istifadə edib böyrəyi saxlamalı, hidronefroza səbəb olan daralmanı ləğv etməliyik.

Vacib müayinələr

  1. sidik ümumi analizinə əsasən böyrəkdə iltihabın olub olmaması haqqında və böyrək funksiyası haqqında dolayı da olsa məlumat verən sidiyin nisbi sıxlığı haqqında məlumat alırıq.
  2. qanda kreatinin, sidik cövhəri böyrək funksiyası haqqında daha dəqiq məlumat verən müayinələrdir.
  3. USM ( ultrasəs müayinəsi ) – böyrək ləyəni və kasacıqlarda genişlənməni və daşın olub – olmamasını müəyyən edir.
  4. KT müayinəsi ( komputer tomoqrafiya ) . Hidronefrozun diaqnostikasında, onun səbəbinin müəyyən edilməsində ən informativ müayinədir.
  5. Dinamiki nefrostintiqrafiya. Böyrək funksiyasını daha dərindən müəyyənləşdirməyə imkan verir. Hidronefrozla əlaqədar olaraq böyrəyin çıxarılması əməliyyatına nefrostintiqrafiyasız qərar verilə bilməz.

 

Hidronefrozun müalicəsi

Hidronefrozun dərman müalicəsi yoxdur, ona görə də müalcə dedikdə söhbət yalnız cərrahi müalicədən gedir. Əməliyyatlar açıq və laparoskopik üsulla aparılır. Laparoskopik əməliyyat hidronefrozun müalicəsində qızıl standart hesab olunur. Hidronefrozun müalicəsi üçün icra edilən bütün əməliyyatların bir məqsədi var, – sidiyin böyrəkdə ləngiməsinə səbəb olan maneənin aradan qaldırılması. Əksər hallarda hidronefrozun səbəbi böyrəyin aşağı qütbünə gedən əlavə arteriyadır ( damar ).hidronefroz Bu arteriya sidik axarının böyrək ləyənindən çıxın hissəsi ilə kəsişdiyi üçün, ona təzyiq edir. Uzunmüddətli təzyiq nəticəsində sidik axarı divarında daralma yaranır, nəticədə böyrək ləyəninə toplanan sidik, sidik axarı ilə axıb sidik kisəyə tökülə bilmir və böyrək ləyəni genişlənir. Başqa sözlə desək hidronefroz yaranır.

Bəzən hidronefroz əməliyyatından əvvəl punksion nefrostoma deyilən kiçik palliativ əməliyyat aparılır. Bu prosedura əməliyyatxana şəraitində xəstənin bel nahiyyəsindən yerli keyitmə altında böyrəyə drenaj – trubkanın qoyulmasıdır.

 

Nefrostoma nə vaxt qoyulur?hidronefroz

Əgər xəstə II – III dərəcə hidronefrozla müraciət edibsə, əməliyyat öncəsi nefrostamanın qoyulması və bir ay saxlanılması böyrəyin rezerv imkanlarının üzə çıxması, böyrəyin funksional aktivliyini real qiymətləndirmək üçün çox vacibdir. Uzun müddət böyrək ləyənində sidiyin ləngiməsi, böyrək daxili təzyiqi artırır və böyrək gərgin vəziyyətdə işləyir. Nefrostomanı qoyduqda əmələ gələn sidik asanlıqla drenaj trubka ilə çölə sidikqəbulediciyə axır və böyrəkdaxili təzyiq normal olur, böyrək ləyəni əzələlərinin tonusu normallaşır və böyrək əsas əməliyyata hazır olur.

Laparoskopik pieloplastika – böyrək ləyənində plastik əməliyyat

Yuxarıda qeyd olunduğu kimi müasir Amerika və Avropa protokollarında hidronefrozun standart müalicəsi laparoskopik cərrahiyyədir. Xüsusi optiki alətləri qarın boşluğuna yeritmək üçün qarının ön divarında 3 – 4 kiçik dəlik açılır. Alətlər əməliyyyat sahəsini 10 dəfəyə qədər böyütməyə imkan verir. Xəstələrin də ən çox qorxduğu əməlyyatdan sonrakı böyük çapıq, qarında ciddi ağrılar,bir aya qədər bir neçə drenaj – trubka ilə gəzmək, uzun müddət xəstəxanada qalmaq, əmək qabiliyyətinin gec bərpa olmasıdır ki, laparoskopik əməliyyatlarda bunların heç biri yoxdur. Laparoskop yüksək göründü verən kamera ilə təchiz olunmuş alətdir və əməliyyatın zərgər dəqiqliyi ilə aparılması üçün yaradılmışdır.

Laparoskopik əməliyyatın üstünlükləri

  1. Travmanın az olması
  2. Qanaxmanın olmaması. Ən kiçik damarlar belə 10 dəfə böyüdülmə şəraitində qoruna bilir.
  3. Ağrısız olması ( əməliyyatdan sonrakı dövr ağrısız keçir )
  4. İnfeksiya ehtimalının minimum olması ( əməliyyat kəsiyi olmadığından yaranın irinləməsi kimi ağırlaşma olmur )
  5. Əməliyyat sonrası yırtıq ehtimalının minimum olması ( çünki əməliyyat kəsiksiz aparılır )
  6. Qsamüddətli reabilitasiya

 

Proqnoz

Əgər hidronefroz vaxtında müalicə olunarsa proqnoz qənaətbəxşdir. Vaxtında müalicə aparılmasa, böyrəkdə genişlənmə uzun müddət qalarsa böyrək iltihablaşar və nəticə qənaətbəxş olmuya bilər.

Profilaktikası

Hidronefrozdan qorunmaq mümkün deyil. Lakin vaxtlı – vaxtında müayinədən keçməklə onu vaxtında aşkarlamaq və ağırlaşmalarından qorunmaq olar. Bunun üçün ildə bir dəfə həkim – uroloqun qəbulunda olmaq, minimal müayinədən keçmək kifayət edər. Əgər böyrəkdə, sidik axarında genişlənmə aşkarlanarsa buna ciddi yanaşmaq və vaxtında həkim uroloq – androloqa müaricət etmək lazımdır.

( Hidronefroz, böyrəkdə genişlənmə, kalikektoziya, pieloektaziya, böyrək ləyənində genişlənmə, hidronefroz əməliyyatı, emeliyyat, laparoskopiya, sidik axarı, böyrək genişlənməsi, uroloji mezkez )

17.08.2023 17:16
322

(MGID): :
OXŞAR XƏBƏRLƏR