"Ona heç vaxt "Allah rəhmət eləsin" deməmişəm, amma indi deyirəm: Allah İlhamə Quliyevaya rəhmət eləsin. İlhamə Quliyeva ilə sözümüz heç zaman düz gəlmirdi. Ondan çox çəkmişəm. Onun mənə gücü çatmayıb. Düşmənlərim mənə deyirlər ki, ölən insanın arxasınca danışmazlar. Hər fikrimə sahib olan insanam. Doğrudan, bu dünyadan köçən insanın arxasıyca danışmazlar, yalnız həqiqətdən başqa".
Bu sözləri Xalq artisti Flora Kərimova "Rəngarəng səhər" verilişində deyib.
Müğənni mərhum həmkarı İlhamə Quliyevadan danışıb:
"Qızım Zümrüdün atası dünyasını dəyişəndə İlhamə Quliyeva mənə başsağlığı verən insanları evimdən qovurdu. Bu məqamları heç yadımdan çıxara bilərəm? Qızım ağlayaraq gəlib dedi ki, İlhamə xala otaqda qışqırır və evimizdə olan insanları qovur. Bu həyatı yaşamışam. İlhamə çox gözəl müğənni və gözəl səsə malik idi. O oxuyanda yanğılı oxuyurdu. Ancaq onun xasiyyəti..."
F.Kərimova bildirib ki, İ.Quliyeva sağlığında onunla yanaşı övladları haqqında da xoşagəlməz sözlər danışıb:
"İlhamə Quliyeva adama pislik edən insan idi. Ailəmin, qızımın, oğlumun haqqında o qədər sözlər danışıb ki... Mən də bunlardan sonra “şişdim, şişdim, şişdim” və sonda partladım. Olmaz belə. Heç bir sənətkar heç bir sənətkarın yerini tutmur. Bizi bir-birimizdən ayıran isə ömür boyu qazandığı nüfuzdur. Əgər sən o nüfuzu qazanmamısansa, istəyir səsin qızıldan, xasiyyətin brilyant olsun, amma səni bu millət qəbul etməyəcək. Sənə nə etmişdim ki, sən İlhamə, mənə nələr dedin və üzərimə hansı sözlər yapışdırdın. Dözdüm, dözdüm...
Bilirsiniz, niyə dözürdüm? Övladlarıma görə. Sonra isə bilirsiniz, niyə dözmədim, getdim üstünə? İlhamə heç diri-diri də öhdəmdən gələ bilmirdi. Heç zaman heç kimin qarşısından qaçmamışam". (Axşam.az)