Müğənni İlqar Xəyal hazırda efirdə olan aparıcıları təqnid edib.
Panarama.az axşam.az-a istinadən bildirir ki, ifaçı bu haqda "Künc-bucaq" yutub layihəsində danışıb. O, aparıcının "Murad Arifin "Popumuz var" layihəsində sizə sual verdilər ki, Zaur Baxşəliyev, yoxsa Zaur Kamal. Dediniz heç biri" sözlərinə belə reaksiya verib:
"Mənə görə yenə heç biri. Heç biri ilə şəxsi münasibətim yoxdur. Zövq məsələsidir. Təsəvvür edin evdə bir televizorumuz var idi. Əvvəl efirə RozaTağıyeva, Rafiq Hüseynov, o vaxtın aparıcıları gəlirdi. İndi zaman dəyişib. Lap son dövrün aparıcıları Nərgiz Cəlilova, Dilarə Səlimi deyim.
Belə ərəfədən sonra qəfildən verilişlər dəyişdi: Verilişdə xəstəni sağaltmaq istəyən, nur gətirən peyğəmbərlər, insanlara sağlamlığı bəxş edən aparıcılar, itən qardaşın bacısını, ərin arvadını tapan, itən şərəfi studiyada axtaran aparıcılar. Mənim buna münasibətim necə olmalıdır? Göz yaşı axıdırlar, bayağı ağlamalı musiqi verirlər. Pul yığırlar... Əlil, gözü görməyən, qüsuru olan insanları efirə çıxardıb üstündə tədqiqat aparmağa nə ehtiyac var? Xəstə insanlar getsin həkimlərə müraciət etsinlər, pulları yoxdu, poliklinikaya müraciət etsinlər. Studiyada bir-birini vurmaq, nalayiq sözlər demək, döymək nəyə lazımdır? Studiyaya insanları öyrədib zəng etdirirlər. Qayınanaların, qayınataların, gəlinlərin, üç arvad saxlayan kişilərin arvadlarının studiyaya zəng etməsinin nə mənası var? İnsanların heysiyyəti ilə oynayırlar".