67c82381c6536202503251217
Kondisioneri yandırıb ki, meyitdən qoxu gəlməsin - 11-ci sinif şagirdi Ramalın dəhşətli cinayəti

Sabirabad şəhərində 49 yaşlı qadını bıçaqlayaraq qətlə yetirən 11-ci sinif şagirdinin cinayət işinin təfərrüatı məlum olub. O, iki ağır maddə ilə təqsirli bilinsə də, cəzası yüngülləşdirilib. Səbəb yetkinlik yaşına çatmaması olub.

Panarama.az xəbər verir ki, 2007-ci il təvəllüdlü Ramal Qurbanlı Cinayət Məcəlləsinin 120.2.11-ci və 181.3.3-cü (quldurluq, hədə-qorxu ilə tələb etmə ilə əlaqədar adam öldürmə və silah qismində əşya tətbiq etməklə quldurluq) maddələri ilə ittiham edilib.

Ramal qətlə yetirdiyi Rəna İmanovanı hadisədən bir il əvvəl tanıyıbmış. Onunla bir neçə dəfə pul qarşılığında münasibətdə olub. İstintaq belə qənaətə gəlib ki, Ramal hadisə zamanı Rəna İmanovanı onun qızıllarını, telefonunu ələ keçirmək üçün qətlə yetirib.

Ramal məhkəmədəki ifadəsində mərhumu tamah niyyəti ilə öldürmədiyini, onun tərəfindən şantaj edildiyini deyib:

“Rəna İmanova evdə olan gizli kamera ilə şəkillərimi çəkdiyini, atama göndərəcəyini dedi. Məndən pul tələb etməyə başladı. Buna görə onu öldürmək qərarına gəldim.

Hadisədən bir gün əvvəl onunla əlaqədə olduq. Amma pul verməmişdim. Babamın pensiya kartının məndə olduğunu, pensiya keçəndə gətirib verəcəyimi bilirdi. Həmin gün Rənagilə getdim. Rəna mənzilin girişində idi. Pulu gətirib-gətirmədiyimi soruşdu. Gətirdiyimi deyib içəri keçdik. Rəna divanı açmaq üçün əyiləndə kürəyindən vurdum”.

Hadisə zamanı Rəna Ramala müqavimət göstərməyə çalışıb. Bu zaman bıçaq Ramalın barmaqlarını kəsib.

“Rəna qışqırmaq istəyəndə ağzından tutdum. Barmağımı dişləyəndə əlimi çəkdim. Qapıya qaçanda arxasınca gedib saçından tutdum. Yerə yıxıb qarnından 3 dəfə vurdum. Sonra əlimlə boğmağa başladım. Bir-iki dəqiqə sonra Rənanın səsi kəsildi. Əlimi yumağa gedəndə Rənanın xırıldadığını eşidib geri qayıtdım. Bu dəfə boğazındakı boyunbağı ilə onu boğdum. Səsinin kəsildiyini və bədəninin boşaldığını görüb öldüyünə əmin oldum”, - deyə Ramal ifadəsinə əlavə edib.

Bundan sonra Ramal evin kondisionerini qoşub. Məqsədi meyitdən qısa zamanda qoxu gəlməsinin qarşısını almaq olub. Ramal aldığı bıçağı məktəb çantasında gətiribmiş qayıdanda da qanlı bıçağı çantasında aparıb.

Hadisə yerindən uzaqlaşan Ramal barmağının qanaxmasını kəsə bilməyib. Sonra məcbur qalıb xalası ilə həkimə gedib. Həkimdə onun əlinin kəsilməsinin səbəbi soruşulub. Əlini şüşə ilə kəsdiyini deyən Ramal xəstəxanadan çıxanda onu gözləyən polis əməkdaşları ilə rastlaşıb. Ramal özünü şübhəli aparıb və əlini şüşə ilə kəsməsi polis əməkdaşlarına inandırıcı gəlməyib. Polis şöbəsinə aparılan Ramal orada əməlini etiraf edib.

Ramal məhkəmədə qətli tamah niyyəti ilə törətmədiyini deyib. Qızılları götürməsinin səbəbini belə izah edib:

“Ailəmizin maddi vəziyyəti normal idi. Özüm qızılları götürdüm ki, qətlin oğurluq məqsədi ilə törədildiyi görüntüsü yaransın. Düşdündüm ki, belə olsa, məndən şübhələnməzlər”.

Məhkəmədə elan edilib ki, Ramal istintaqdakı ifadəsində Rəna İmanovanı məhz qızılları göürmək üçün öldürdüyünü deyib.

Həmçinin polisə könüllü təslim olması ilə bağlı deyilənləri məhkəmə səmimi qəbul etməyib. Bildirilib ki, Ramal xəstəxanadan çıxan zaman polislər onu saxlayıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramala 10 il həbs cəzası verilib.

Qeyd edək ki, təkcə Cinayət Məcəlləsinin 120.2.11-ci maddəsi ilə nəzərdə tutulan minimum cəza 14 ildən başlayır. Lakin Ramala yüngül cəza verilməsinin səbəbi onun yetkinlik yaşına çatmaması olub.

Belə ki, Cinayət Məcəlləsinin 85.5-ci (Azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayanlara cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məcmuya daxil olan cinayətlərdən birinə görə on il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu halda qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilir. Yetkinlik yaşına çatmayan məhkumlar cəzalarını aşağıdakı tərbiyə müəssisələrində çəkirlər) maddəsi tətbiq edilməklə onun barəsində 10 il azadlıqdan məhrumetmə cəzası təyin edlib. (musavat.com)

05.03.2025 14:11
1606

(MGID): :
OXŞAR XƏBƏRLƏR