685d5201aa2e8202506255825

"Kupça"sı olmayanların NƏZƏRİNƏ

26 İyun 2025
142

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı dəyişikliklər daşınmaz əmlakın, yəni qeydiyyatsız evlərin sənədləşdirilməsi prosesinin sürətlənməsinə gətirib çıxara bilər.

Panarama.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, vətəndaşın təqdim etdiyi məlumatla daşınmaz əmlakı qeydiyyata alan qurumun məlumat arasında uyğunsuzluq olduğu halda, o zaman qurum digər qurumlara, o cümlədən arxiv və digər profil dövlət qurumlarına müraciət edərək məlumatın dəqiqləşdirilməsini həyata keçirməlidir və bu proses 15 iş günü ərzində yekunlaşmalıdır:

“Məhz bu, xüsusən də sənədlərində uyğunsuzluq olan əmlakın daha tez qeydiyyata alınmasına gətirib çıxarır. Çünki bəzən vətəndaş əmlakın və ya torpağın qeydiyyata alınması ilə bağlı sənədlərini təqdim edir. Onun sənədlərində torpağa icazə verilməsi qeyd olunur. Amma qeydiyyata alan qurumun məlumatlarında həmin torpağın kənd təsərrüfatı üçün yararlı olduğu göstərilir. Bu o deməkdir ki, uyğunsuzluq müəyyənləşir. Bu halda təbii ki, dövlət qurumu uyğunsuzluğun aradan qaldırılması və dəqiqləşdirilməsi üçün sorğu göndərərək 15 iş gün ərzində məlumatın dəqiqləşdirilməsini həyata keçirir. Əgər sorğu nəticəsində məlum olanda ki, vətəndaşın təqdim etdiyi sənəd doğrudur, həmin ərazidə tikintiyə icazə verilir, bu halda təbii ki, torpaq və eləcə də həmin əmlak qeydiyyata alınır”.


Deputat söyləyib ki, bu baxımdan əvvəlki dövrlərdə uyğunsuzluq aşkar olunduğu halda müraciət müsbət cavablandırılmırdı və əmlak əmlakın qeydiyyata alınmasından imtina olunurdu: “Amma artıq bu yeni qaydalara əsasən imtina deyil, məlumatın dəqiqləşdirilməsi həyata keçiriləcək və bu isə ondan xəbər verir ki, qeydiyyatsız evlərin sənədləşdirilməsi prosesi sürətlənə bilər və bu hallar, xüsusən də sənədsiz evlərin məhz bu tip hallarda daha tez qeydiyyata alınması və əgər uyğunsuzluq aşkar edildikdən sonra məhz dəqiqləşdirilən məlumatda vətəndaşın təqdim etdiyi sənədlər doğrudursa, o halda həmin qeydiyyatsız mənzillərin və ya torpağın daha qısa zamanda qeydiyyata alınmasına imkan yarada bilər”.