6713d87faca14202410240415
"Kupça"sız evlərin problemi tarixə qovuşur?

Son günlər müzakirə olunan məsələlərdən biri də mülk kağızı ("kupça") olmayan evlərdir. Belə ki, bir çox çıxarışsız evlərin sənədləşdirilməsi mümkün olsa da, qaz və neft kəmərinin üzərində tikilən evlərin sahibləri sənəd ala bilməyəcəklərindən narahatdırlar.

Panarama.az xəbər verir ki, globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Mülkədar Rüstəmovun fikrincə, bu məsələdə zamanında evi, torpağı sənədsiz alan şəxslər günahkardır.

O deyib ki, vaxtında sənədli mülk almaq lazım idi:

"Dövlətin qanun-qaydası var. Əgər bir evin, torpağın çıxarışı yoxdursa, o torpağı almayın. Çünki sabah dövlət mülkiyyətinizi tanımayacaq. Bunlar da özbaşına addım atdılar, ucuz torpaqlar əldə etdilər ki, irəli düşsünlər. Beləliklə də neft ərazilərinə girdilər, bələdiyyənin qanunsuz torpaqlarını aldılar. Bundan sonra da rüşvət verib, ev tikdilər. Axırda aqibətləri belə oldu. Xüsusilə Binəqədi, Sabunçu rayonlarında bəzi ərazilərdə torpaq yaşayış üçün yararsız hesab olunur. Neft ərazisi isə yaşayış üçün ümumiyyətlə, yararsızdır, ekoloji cəhətdən zərərlidir. Orada insanın yaşaması qeyri-mümkündür. Dövlət də qərar verdi ki, o yerlərdə ev tikmək mümkün iş deyil. Sabah həmin ərazidə bir partlayış və ya bənzər hadisə baş versə, gəlib yapışacaqlar dövlətin boğazından ki, dəymiş ziyanı ödə. Onda da vətəndaşla dövlət arasında çaxnaşma yaranır. Dövlət bunları nəzərə alıb, öncədən həmin torpaqları tanımayacağına dair şərt irəli sürmüşdü".

Ekspertin sözlərinə görə, əgər yaşayış məntəqələri çıxarışda torpaq kateqoriyasına aiddirsə, o zaman orada fərdi evin tikintisinə icazə verilir:

"Adam var ki, torpaq alıb, qanunla layihə çəkdirib və evini tikib. Portalda da bunların hamısı göstərilir. Amma bir çoxları evi özbaşına tikdikdən sonra sənədləşdirmə ilə bağlı müraciət edir. Əmlak Komitəsi də çıxarış tələb edən zaman görür ki, bələdiyyə sənədidir, ərazi isə kənd təsərrüfatı üçün ayrılan torpaqdır. Burada da ümumiyyətlə ev tikməkdən söhbət gedə bilməz. Ona görə də vətəndaşın müraciətinə imtina cavabı gəlir".

M.Rüstəmov deyib ki, bəzi bələdiyyə torpaqları yalnız Nazirlər Kabinetinin sərancamında olduğuna görə, COP29 tədbirindən sonra ölkə başçısı tərəfindən amnistiya gözlənilir:

"Köhnə bələdiyyələrdən qalmış sənədlər əfv olunacaq, təyinatı dəyişəcək. Yəni kənd təsərrüfatı üçün olan torpaqlar yaşayış məntəqələri ilə əvəz olunduqdan sonra da bir qrup insan çıxarış əldə edə biləcəklər. Amma neft ərazisi, dövlətin bəzi xüsusi torpaqları olan yerlərdə evlərə mülk kağızı almaq mümkün deyil və o torpaqlar tanınmayacaq".

19.10.2024 20:03
204

(MGID): :
OXŞAR XƏBƏRLƏR