Xəbər verildiyi kimi, Bakı şəhər sakini 1995-ci il təvəllüdlü Mansurlu Nəzrin Aydın qızının bu il yanvarın 12-də ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.
Panarama.az xəbər verir ki, bu barədə Ajans.az-a Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.
Məlumata görə, istintaqla Nəzrin Mansurlunun bu il yanvarın 12-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən "Mərcan" klinikasında plastik cərrah işləyən Sənan Mehdiyev tərəfindən icra olunmuş Rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması və yerləşdirildiyi klinikada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Sənan Mehdiyev Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Nəsimi rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.