Mixək bu xəstəliklərin dərmanı imiş
Atatürk Universiteti Kimya Fakültəsi, Biokimya kafedrasının müdiri, Prof. Dr. İlhami Gülçin mixəyin xərçəng və Alzheimer xəstəliyinə səbəb olan reaktiv oksigen növlərini yox etdiyini və bu xəstəliklərin müalicəsində potensial təsirə malik olduğunu açıqlayıb.
Panarama.az Medicina.az-a istinadən xəbər verir ki, Türkiyə Elmlər Akademiyasının həqiqi üzvü olan İlhami Gülçin bir müddət əvvəl mixək bitkisinin bioloji və antioksidant xüsusiyyətlərini, eləcə də təsirlərini araşdırdıqlarını söyləyib.
“Biz mixəklərin radikal təmizləyici xüsusiyyətlərinə, xüsusən də onun reaktiv oksigen növlərinə təsirinə baxdıq. Müşahidə etdik ki, mixək əslində reaktiv oksigen növlərini çox yaxşı aradan qaldırır. Sərbəst radikalların və reaktiv oksigen növlərinin xərçəng, Alzheimer, Parkinson və diabet kimi 100-ə yaxın xəstəliyə səbəb olduğu elmi şəkildə sübut edilib. Bu reaktiv oksigen növlərini çıxaran maddələr və ya bitkilər də bu xəstəliklərin müalicəsi üçün potensiala malikdir", - deyə İlhami Gülçin qeyd edib.
Onun sözlərinə görə, mixək çox güclü bir çox fərqli antioksidan birləşmələri ehtiva edir. Mixəkdəki “eugenol” molekulunun xüsusilə əhəmiyyətli olduğunu bildirən İlhami Gülçin bunları söyləyib:
““Eugenol” bu gün stomatologiyada ağrıkəsici kimi istifadə olunur və artıq cəmiyyətdə mixəyin ağrıkəsici olduğu məlumdur. Keçmişdə ağsaqqallarımız “diş ağrısını mixək çeynəmək sağaldar” deyirdilər. Ağız sağlamlığının qorunmasında mixək bakteriyalara qarşı da çox təsirlidir. Onu çeynəsəniz, ağzınızda təravət hiss edəcək və arzuolunmaz qoxulardan xilas olacaqsınız”.
O, mixəyin əksər xəstəliklərə qarşı təsirli olduğunu, xərçəngə qarşı mükəmməl qoruyucu təsirinin bir çox elmi araşdırmalarla sübut edildiyini diqqətə çatdırıb:
“Bundan başqa, mixək şəkər xəstəliyi ilə əlaqəli fəsadlara qarşı çox faydalıdır. Bu ədviyyat antibakterial xüsusiyyətə malikdir, buna görə də qidalara qatıldıqda xarab olmanın qarşısını alır. Mixək xora əleyhinə də təsir göstərir. Onu ağızda uzun müddət çeynəməklə sorulmasını artırmaq lazımdır. Yaxud mixəkli çay içmək olar. Bu zaman mədənizin rahatladığını his edəcəksiniz.
Övladlarımıza mixək və ya mixək tərkibli içkilər versək, xüsusən də mövsüm keçidlərində bu, onların immun sistemini çox yaxşı gücləndirəcək. Yəni təkcə xəstəliklər zamanı deyil, qoruyucu vasitə kimi də istifadə edilməlidir. Bunlardan başqa saya bilmədiyimiz bir çox xəstəliklərin müalicəsində və ya xəstəliyin qarşısını almaq üçün mixəkdən istifadə etmək olar”.
Mixəklə bağlı araşdırmalarının nəticələrinin "Foof Chemistry" və "Journal of Medicinal Foof"da dərc edildiyini açıqlayan İlhami Gülçin son olaraq bunları qeyd edib:
"Açığı, mixəkdən bu qədər yüksək effekt gözləmirdik. Ən vacib 5 bitkini sadalasaq, mixək də onlardan biridir. Mütləq istifadə etməliyik, gündəlik istehlakına laqeyd yanaşmamalıyıq. Xüsusən də valideynlər uşaqları və gəncləri mixəkdən istifadəyə təşviq etməlidir”.